Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də anadan olub. Zərifə xanımın keçdiyi şərəfli, mənalı ömür yolu hər bir azərbaycanlı, o cümlədən Azərbaycan qadını üçün mənəviyyat və kamillik məktəbidir. Zərifə xanım Əliyeva özünün gözəl insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb. Onun ömür yolu parlaq səhifələrlə zəngindir. Azərbaycan tibb elmində silinməz iz qoymuş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyin uca zirvəsinə yüksəlmiş görkəmli elm fədaisinin nurlu çöhrəsi canlanır.
Zərifə xanım Əliyeva həyatı daim mübarizələrdə keçən Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu ağır yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. O, Azərbaycan Prezidenti İlham Əliyev kimi dahi şəxsiyyəti dünyaya gətirən, tərbiyə edən, layiqli vətəndaş kimi yetişdirən anadır. Eyni zamanda, Zərifə xanım Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr verib. Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun daha bir xidməti yüksəkixtisaslı kadrlar yetişdirməsidir. Akademik Zərifə xanım Əliyeva zəngin irs qoyub, öz tədqiqatları, fundamental əsərləri ilə Azərbaycan tibb elmini əhəmiyyətli dərəcədə irəli aparıb.
Görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk elmi- tədqiqat laboratoriyasının yaradılması təşəbbüsünü qaldıran da Zərifə xanım olmuşdu. Gözün zədələnməsinin profilaktikası, görmə orqanlarında bədxassəli şişlərin diaqnostikası və öyrənilməsi ilə bağlı elmi axtarışlarını davam etdirən Zərifə xanımın Bakıda Məişət Kondinsionerləri Zavodunda yaratdığı laboratoriya dünyada yeganə olmaqla, həm də onun ikinci iş yeri idi. Burada apardığı tədqiqatlar daha çox səmərə verirdi. Müəssisədə fəaliyyət göstərən bu laboratoriya təkcə kondisionerlər zavodunun deyil, həmçinin həmin vaxtlarda paytaxtımızın sənaye mərkəzi sayılan Nərimanov rayonunda yerləşən digər zavod və fabriklərin əməkçilərinin xidmətində idi. Zərifə xanım və onun rəhbərlik etdiyi kollektiv yüzlərlə əməkçinin gözlərini müalicə edib və onların gözlərinə sözün əsi mənasında nuru qaytarıb.
Zavodda çalışanlar arasında qadınlar çoxluq təşkil etdiyindən daha artıq diqqət tələb olunurdu. Zərifə xanım aydın başa düşürdü ki, istehsalatda çalışan qadınlar həm də ana kimi ailənin qayğısını çəkməli, cəmiyyət üçün layiqli övlad yetişdirib, tərbiyə etməlidirlər. Bu baxımdan hamı onu qadınların hamisi adlandırırdı. Zərifə xanımı tanıyanların, onun haqqında xatirələrini söyləyənlərin ilk sözü bu olur: Zərifə xanım gözəllik, mərhəmət ilahəsi idi.
Təbabətdə öz dəstxəti olan novator alim 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir kamillik mücəssəməsidir. Azərbaycan xalqı, o cümlədən, respublikanın elmi ictimaiyyəti görkəmli alimin tibb elminə verdiyi töhfələri unutmur, hər il onun həyat və yaradıcılığının tədqiqinə həsr olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya elminə verdiyi töhfələri bu gün də aktuallığını saxlayan, biliyi ilə yanaşı, insanpərvərliyi ilə də seçilən Zərifə xanımın həyatı və yaradıcılığı hər zaman dərin hörmətlə yad olunur.
Hürü Kərimova – “Bakı kondisioneri” ASC-nin şöbə müdiri