image-1backend

Akdamar kilsəsində yox olmayan məzarlar və Azərbaycana təbrik- REPORTAJ

image-reklam_sirab_01

Buna görə də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin proqramı çərçivəsində qardaş ölkənin turizm potensialının tanıdılması məqsədilə “Go Turkiye” Turizm Bürosunun təşkilatçılığı ilə budəfəki səfərimizin növbəti dayanacağı Akdamar oldu.

Bütün dünya şahid olsun ki…

Van gölündə dörd ada var. Ən böyüyü Adir adasıdır. Göldə monastır, kilsə və ibadətgahların qalıqları durur. Bura minlərlə qağayının çoxaldığı yerdir, amma adada bu gün yaşayış yoxdur. 

Van gölünün ikinci böyük adası Akdamardır. Burada orta əsr erməni memarlığının bir nümunəsi hələ də qalır. Üstəlik elə vəziyyətdə ki, bütün dünya türklərin mədəni irsə münasibətinə burada şahidlik edə bilə.

Akdamar adası ilə bağlı maraqlı rəvayət var. Bu rəvayəti adaya gəmi səyhətimizdə bələdçimiz Mustafa bəy danışır. Qədim zamanlarda adanın bu tayında bir rahibin Tamara adlı qızı var idi, o tayda isə kənddə balıqçılıqla dolanışığını təmin edən bir gənc yaşayırdı. O, balıq tutar, sonra saatlarla üzərdi. Belə günlərin birində gənc adanın sahilinə üzür və orada Tamaranı görür. Beləliklə, onlar hər axşam sahildə gizli görüşməyə başlayırlar. Tamara yerini göstərmək üçün sahilə şamla gəlirmiş. Onun arxasında adam salan atası dalğalı bir gecədə şamı götürüb sahilə gedir.

Şamın işığını görən gənc Tamaranın gəldiyini düşünərək suya atılır, üzməyə başlayır. Rahib ata durmadan hərəkət edir, yerini dəyişir və oğlan sağa-sola üzməkdən yorulur, taqətdən düşür, “Ah Tamara” deyərək dalğalara təslim olur və ölür. Həmin gündən ada gəncin son sözləri olan “Ah Tamara” adlandırılır və zaman kedikcə Akdamara çevrilir. 

Məlumata görə, Vaspurakan sülaləsinin kralı kilsəni həqiqi xaçın bir parçasını yerləşdirmək üçün tikdiyinə görə Akdamar kilsəsini Müqəddəs Xaç Kilsəsi adlandırıb.

Erməni kilsəsində Azərbaycana təbrik

Kilsəyə gedən yolda xeyli turistlə qarşılaşırıq. Əksəriyyəti İrandan gəlib. Söhbət zamanı bəzilərinin Güney Azərbaycan türkləri olduğu məlum olur. Azərbaycanı həmin günlərə təsadüf edən antiteror əməliyyatı münasibətilə təbrik edirlər. Qəribədir, deyilmi? Erməni kilsəsinə qalxan yolda Qarabağdakı erməni separatçılarının həbs xəbərini eşitmək və buna görə təbrik mesajı almaq…

Kilsə dördyarpaqlı yoncaya bənzəyən xaç planda qırmızı tuf daşından tikilib. “Tövrat” və “İncil”dən relyef formalı heykəllərlə bəzədilib. Burada Yunus peyğəmbərin dənizə atılması, Həzrət Məryəm və qucağında İsa, Davud peyğəmbərin Qolyatla (Goliath) mübarizəsi, Adəm və Həvvanın qadağan olunmuş meyvəni yeməsi və o cümlədən saray həyatı, ov səhnələri, insan və heyvan fiqurlarına rast gəlinir.

“Zərgər işi”

Erməni kilsələri arasında ən təmtəraqlısı olan Akdamar kilsəsi daş işçiliyii baxımından orta əsr erməni memarlığının ən qiymətli əsərlərindən sayılır, ondan “zərgər işi” kimi bəhs edilir. Kilsənin xarici görünüşündə zəngin motivlər və incə daş işləmələri var.

İnteryerdə freskalar, yəni divar rəsmləri var. Amma əsrlər boyu zamanın və təbiətin vurduğu ziyan şəkilləri bir az pozub. Freskalarda İsanın səmaya yüksəlməsi, çarmıxa çəkilmə və məzardakı müqəddəs qadınlar mövzuları həkk olunub. Bu divar rəsmləri bölgədəki ilk nümunələrdən olduğu üçün xüsusi əhəmiyyət kəsb edir və Akdamar kilsəsi UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilib.

Akdamar kilsəsi türklərin kimə, hansı xalqa məxsus olmasından asılı olmayaraq, qədim mirası necə qoruyub saxlamasına, tarixə olan hörmətinə dair ən yaxşı nümunələrdən biridir. Zaman-zaman təmir olunub, bərpa işləri aparılıb, turist səfərləri təşkil edilir, ermənilərin burada hansısa tədbirinə şərait yaradılır. Dövlət tərəfindən bütün addımlar atılır.  Kilsə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə restavrasiya edilərək, 2007-ci ildə muzey kimi ziyarətçilərin istifadəsinə verilib. Açılış mərasimində Türkiyə ermənilərinin sabiq patriarxı Patrix Mesrop Mutafyan çıxış edib.

Kilsənin həyətində qədim məzarlar var, həyətlə irəlilədikcə bir çoxları görünməz olan  məzar daşlarını ayaqlamamağa çalışırıq. Neçə əsrlər keçməsinə baxmayaraq, o məzarlar qorunub saxlanılıb, məhz baxım nəticəsində torpağa qarışıb yox olmayıb.

Türkün gücü də bu böyüklükdədir. Türkün bu böyüklüyünü görmək istəyən hər kəs Vana, Akdamar kilsəsinə baş çəksin…

Elnarə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki