Azərbaycanın görkəmli şairəsi və ictimai xadimi Xurşidbanu Natəvana Fransada göstərilən təhqiramiz münasibət bu ölkədə insana və sənətə münasibətdə bütün dəyərlərin itdiyini göstərir. İnsanın ən dərin düşüncələrini yüksək bədii səviyyədə tərənnüm etməklə Xurşidbanu Natəvanın insanlığa göstərdiyi xidmətin müqabilində Fransanın Azərbaycanın qadın şairəsinin heykəlinə bəslədiyi qeyri-insani münasibət bu ölkənin özünü hansı səviyyədə aşağı endirdiyini əyani şəkildə nümayiş etdirir. Hələ XIX əsrdə “Məclisi-üns” kimi ədəbiyyat məclisinə bacarıqla rəhbərlik etmiş qadın şairənin heykəlinin Fransada aşağılanması Viktor Hüqonun vətənində sənət dəyərlərinin də artıq itirildiyini diqqətə çatdırır. Fransız yazıçısı Aleksandr Dümanı Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Qarabağda qonaq edib duz-çörəklə qarşılayan, lütfkarlıq edib onunla şahmat taxtası arxasında əyləşən Xan qızı Xurşidbanu Natəvanla müqayisədə Fransa rəsmiləri tutduqları məqamdan çox kiçik görünürlər. Fransa prezidenti Makronun uğursuz siyasəti fransız xalqını bütün insanlıq və sənət dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Sarı jiletli xalqın nümayəndələrinin Paris şəhərinin küçələrindəki həyəcanlı çıxışları, etiraz əlaməti olaraq atdıqları dağıdıcı addımlar fransız xalqının heç də hamısının Fransa iqtidarı ilə eyni fikirdə olmadıqlarını görməyə tam əsas verir.
Deməli, dəyərlərini itirən xalq deyil, ikili standartlarla dünyada artıq etibarı gözdən düşmüş Fransa rəsmiləridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə haqlı olaraq bildirdiyi kimi, “öz-özlüyündə vandalizm aktı olan Natəvanın heykəlinin təhqir edilməsi, onun selofana bükülməsi, …gücsüzlük və isterikanın özünü heykəldə göstərməsi” Fransa iqtidarının məhkum olduğu “mənəvi deqradasiyanın dibi” deməkdir. Fransanın mənəvi deqradasiyası isə onun siyasi iflasının qarşısıalınmaz bir həddə çatmasının göstəricisidir.
İşğalçı Ermənistana verdiyi süni dəstəyin isə erməni xalqı faktorundan istifadə etməklə, bədbəxt erməniləri aldatmaq yolu ilə Fransanın Afrikada itirilmiş mövqelərini Qafqazda bərpa etmək xülyasından başqa bir şey olmadığını dünyada hər kəs, o cümlədən ermənilər də yaxşı başa düşürlər. Fransanın növbəti müstəmləkəçilik planının ifadəsi olan bu səylər isə heç bir Qafqaz ölkəsində, o cümlədən, hətta sadə erməni xalqının iradəsi yetərli olan məqamda heç Ermənistanın özündə də baş tuta bilməz.
Fransanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Xurşidbanu Natəvanın ölməz sənəti özünün yüksək ideya-bədii dəyərlərini qoruyub saxlayır. Xan Qızı Natəvanın XIX əsrdə yüksək zövqlə hazırladığı “Gül dəftəri” adlı rəsmli şeir kitabının nadir əlyazmasının Dünya Yaddaşı Reyestrinə daxil edilərək beynəlxalq miqyasda qəbul edilməsi və qorunması haqqında UNESCO-nun 2023-cü ildə səsvermə yolu ilə qəbul etdiyi qərar Azərbaycan şairəsinin zəngin ədəbi irsinə dünya miqyasında verilmiş böyük qiymətin isbatıdır. Eyni zamanda, Ermənistanın vəhşicəsinə xarabazarlığa çevirdiyi Ağdam şəhərində Xurşidbanu Natəvanın dağıdılmış məzarının, Şuşadakı uçurulmuş sarayının, bulaq abidəsinin və güllələnmiş heykəlinin torpaqlarını işğaldan azad etmiş müstəqil Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə yenidən bərpa edilməsi, həyata qaytarılması ədalətin təntənəsinin bariz nümunəsidir.
Bu gün Fransa dairələri Xurşidbanu Natəvanın heykəlinə bəslədikləri qeyri-insani təhqiramiz münasibətlə Birləşmiş Millətlər Təşkilatının tərkib hissəsi olan UNESCO-nun da prinsiplərini pozur və orada da etibarını itirir. Hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı UNESCO-nun Baş iqamətgahının dünya miqyasında qəbul edilən prinsipləri kobudcasına pozan Fransada yerləşməsi məsələsinə yenidən baxmalıdır.
Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın heykəlinə təhqiramiz münasibəti icra edənlər layiq olduqları cəzaya məhkum edilməlidirlər.