Ayasofya məscidinə ibadət etməyə gələnlərlə mədəni məqsədlə tarixi məscidi ziyarət edən əcnəbilərin girişlərinin ayrılması işləri yekunlaşıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Ersoyun başlatdığı bərpa və konservasiya işləri çərçivəsində ziyarətçilər üçün hazırlanan kassa bu gündən yanvarın 15-də istifadəyə verilib.
Tur marşrutu boyunca qoruyucu tədbirlərin görüldüyü Ayasofya məscidində də lazımi təhlükəsizlik kameraları, yanğın aşkarlama və fövqəladə hallar barədə xəbərdarlıq sistemləri quraşdırılıb.
Məscidin qalereya döşəməsindəki mərmər üzlüklərin və taxta məhəccərlərin təmizlənməsi və konservasiyası Elmi Şuranın razılığı və məsləhəti ilə bərpaçılar və konservatorlar tərəfindən aparılıb.
Nazir Ersoyun daha əvvəl Ayasofya məscidində istifadəyə veriləcəyini açıqladığı ziyarətçi idarəetmə planı tətbiqi ilə tarixi məsciddə artıq uzun növbələr olmayacaq.
Məscidin ibadət mühitini pozmadan 23 dildə məlumat əldə etmək olar
Tarixi məscidin cənub tərəfində II. Bəyazid minarəsinin altında yerləşən tunel və giriş enişi vasitəsilə nəzarətli şəkildə girişlərin təmin ediləcəyi Ayasofya məscidində ziyarətçilər qalereya mərtəbəsinə daşınacaq və şimal-şərq istiqamətindəki eniş vasitəsilə çıxacaqlar.
Qalereya bölməsinə gələn turistlər bu hissədə məscidin ziyarətgah mərtəbəsini və Osmanlı Dövrü əlavələrini görə, cənnət-cəhənnəm qapısından keçə və Bizans Dövrü mozaikalarını araşdıra biləcəklər.
Yanvarın 15-də Ayasofya məscidində başlayacaq yeni tətbiq ilə turistlər ibadət mühitini pozmadan məscidi ziyarət edə biləcəklər.
Ayasofyada QR kod tətbiqi ilə həyata keçirilən qulaqlıq sistemi ilə ziyarətçilər cib telefonlarının qulaqcıqları və ya veriləcək birdəfəlik qulaqlıqlar vasitəsilə dindarları narahat etmədən sakit bir mühitdə 23 dildə məlumat ala biləcəklər.
Tarixi məscidə turistik məqsədlə gələn əcnəbilər üçün giriş haqqı 25 avro olacaq.