image-photo-2022-08-16-12-34-41backend

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit iqlim və təbii şərait var.

image-reklam_sirab_01

Torpaq təbii ehtiyat olmaqla maddi nemətlərin yaradılmasında müstəsna əhəmiyyətə malikdir. İnsan həyatı, cəmiyyətin mövcudluğu və inkişafı üçün olduqca vacib olan hava, su, meşə və digər ehtiyatlar da torpaqla sıx bağlıdır. Cəmiyyətin inkişafını təmin edən istehsal prosesi üçün torpaq məkan və istehsal vasitəsi kimi çıxış edir. Azərbaycan olduqca rəngarəng təbii və ekoloji şəraitə malikdir, onun hər bir guşəsi biri-birindən kəskin fərqlənir və özünün spesifik xüsusiyyətləri ilə seçilir. Xüsusilə işğal altında olmuş ərazilərimiz gözəlliyi, müxtəlif və mürəkkəb ekoloji və torpaq-iqlim şəraiti ilə səciyyələnir. Bu da, istər təbii ehtiyatların istifadəsində, istərsə də ümumi təsərrüfatçılıq sisteminin təşkilində daha ehtiyatlı olmağı və düzgün qərar çıxarmağı tələb edir. 1992-ci ildən başlayaraq Ermənistanın hərbi təcavüzü nəticəsində respublikamızın 20 %-ə qədər (1670,3 min hektar) ən məhsuldar torpaqları, o cümlədən Dağlıq Qarabağ və ona bitişik 7 rayon (ondan Ağdam rayonu ərazisinin 73,0 %-i, Füzuli rayonu ərazisinin 79,3 %-i), Tərtər rayonunun 13 kəndi, Qazax rayonunun 7 kəndi, Naxçıvan MR-in 1 kəndi işğal edilmişdir. İşğal altinda olmuş ərazilərin 680,8 min hektarı kənd təsərrüfatına yararlı torpaqlardan, 10,7 min hektardan çoxu həyətyanı sahələrdən (bu torpaqlar da kənd təsərrüfatına yararlıdır), 247,3 min hektarı meşəliklərdən ibarətdir. Qalan 234 min hektardan artıq sahə sair torpaqlardır və hesab edirik ki, yerquruluşu qaydasında bu torpaqların yerdə uçotu aparılarsa, kənd təsərrüfatı dövriyyəsinə cəlb etmək üçün kifayət qədər yararlı torpaq sahəsi müəyyən etmək mümkün olacaqdır. İşğal altında olunmuş kənd təsərrüfatına yararlı torpaqların 207,0 min hektarı (30,4 %) əkinçilikdə, 54,7 min hektarı (8,0 %) çoxillik əkmələr altında, 380 min hektardan çoxu (55,9 %) heyvandarlığın inkişafında xüsusi əhəmiyyətə malik örüş-otlaq sahələri kimi istifadə oluna bilərdi. Örüş-otlaq sahələrinin əksəriyyəti yay otlaqlarının torpaqlarından ibarət idi. Çoxillik əkmələr altında olan torpaqların 37,8 min hektarı kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan üzümlüklərdən, 2 min hektardan çoxu meyvə bağlarından, qalanı isə baramaçılığın inkişafı üçün müstəsna əhəmiyyətə malik tut çəkilliyindən və digər çoxillik əkmələrdən ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 128,2 min hektarı, əkin torpaqlarının 80,5 min hektarı, çoxillik əkmələrin isə 38,2 min hektarı suvarılandır. Bu torpaqların 30 ilə yaxın müddətdə işğal altında olduğuna görə istifadəsiz qalması, işğalçı “vandallar” tərəfindən qeyri-düzgün istifadəsi, çirkləndirilməsi, strukturuinun dağıdılması səbəbindən demək olar ki, yararsız hala düşmüş, kənd təsərrüfatı dövriyyəsində birbaşa istifadəsi mümkünsüz olmuşdur. Hazırda bu torpaqların əsas hissəsi işğaldan azad edilmişdir və qarşıda duran ən vacib problemlərdən biri həmin torpaqların bərpası və maksimum səmərəli istifadə edilməsindən ibarətdir. İşğaldan azad olmuş ərazilərimizdə kənd təsərrüfatının inkişaf istiqamətlərini düzgün müəyyən etmək, kənd təsərrüfatına yararlı torpaqlardan istifadənin səmərəliliyini təmin etmək üçün torpaq örtüyünün xüsusiyyətlərini və onun kənd təsərrüfatına yararlılıq səviyyəsini nəzərə almaq olduqca vacibdir. Müəyyən edilmişdir ki, işğal altında olmuş kənd təsərrüfatına yararlı torpaqlar keyfiyyət xüsusiyyətlərinə və məhsuldarlıq qabiliyyətinə görə respublikanın digər regionları ilə müqayisədə yüksək xüsusi çəkiyə malikdir. Ərazinin torpaq-iqlim xüsusiyyətləri burada kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahələrinin yüksək və səmərəli inkişafına imkan verir.

 

Pənahova Suma

Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki