Azərbaycanın müstəqil elektrik enerji sisteminə malik olmasının əsası ötən əsrin 70-ci illərində qoyulub. 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyuluş gücü – 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verilib.
SSRİ-nin süqutu elektrik energetikasına da çox böyük təsir etdi. Buna baxmayaraq digər xarici ölkələrlə sıx əlaqə elektrik enerjisi sahəsinin sərnayələşməsinə köməklik etdi.Bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında hazırda da məqsədyönlü şəkildə istifadə olunur.
Azərbaycan milli enerji sisteminin Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Naxçıvan Muxtar Respublikası tərəfdən Türkiyə enerji sistemləri ilə sıx əlaqəsi təmin olunub. Bu, həm də ölkələrimiz arasında qarşılıqlı münasibətlərin daha da inkişafına, regionda sülhün, sabitliyin, təhlükəsizliyin qorunub saxlanmasına şərait yaradan ciddi amillərdən biridir.
Energetika sektorunda qanunvericilik bazasının formalaşdırılması, bu sahəyə dair hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. “Energetika haqqında”, “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Elektrik və istilik stansiyaları haqqında” qanunlar qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər” haqqında Sərəncamları energetikanın müasir inkişaf mərhələsində yeni bir dövrün əsasını qoydu.
MDB məkanında ilk dəfə olaraq gücü 400 MVt olan müasir qaz-turbin tipli “Şimal-1” ES-in istifadəyə verilməsi və respublikanın müxtəlif bölgələrində ümumi gücü 872,5 MVt olan (Naxçıvan MR də daxil olmaqla) 8 (səkkiz) Modul tipli Elektrik Stansiyasının tikilməsi, sistem əhəmiyyətli elektrik veriliş xətlərinin və yarımstansiyaların quraşdırılması energetika sahəsində yeni yüksəlişin başlanğıcını qoymaqla, sənaye mərkəzinin enerji təchizatında hökm sürən disproporsiyanı hiss ediləcək qədər aradan qaldırdı. 2009-cu ildə Sənaye mərkəzində gücü 525 MVt olan “Sumqayıt” buxar-qaz tipli müasir ES-in istifadəyə verilməsi ilə yanaşı, eyni tipli gücü 780 MVt olan “Cənub” ES 2013-cü ildə istismara verilib. Abşeron yarımadasında elektrik enerjisi təchizatının dayanıqlığının və keyfiyyətinin əhəmiyyətli dərəcədə daha da yüksəldilməsində rolu olacaq Şüvəlan qəsəbəsində yerləşən və gücü 409 MVt olan “Şimal-2” elektrik stansiyası 05 sentyabr 2019-cu il tarixdə ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.
Elektroenergetika təhlükəsizliyini təmin etmiş ölkəmiz artıq 2007-ci ildən başlayaraq qonşu dövlətlərə elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Beləliklə, dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırmaqdadır. Azərbaycan 2011-cü ilin noyabr ayında “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalamaqla, bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start verib. Energetika sahəsində aparılacaq islahatlarla əlaqədar qanunvericilik bazasının Avropa Parlamentinin Direktivinə və Əsasnaməsinə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi Energetika Nazirliyinin fəaliyyətinin istiqamətlərindəndir. Bununla əlaqədar olaraq sahəni tənzimləyən bir çox qanunvericilik aktının layihəsi hazırlanıb.
Avropa ölkələrində elektroenergetika sahəsində 1990-cı ildən həyata keçirilən islahatlar elektrik enerjisinin inhisarsızlaşdırılması və enerji bazarında rəqabət şəraitinin yaradılmasını təmin etmiş, nəticədə elektrik enerjisi qiymətlərinin və itkilərin azaldılmasına və xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaranmışdır.
Azərbaycan eyni zamanda beynəlxalq arenada öz enerji siyasətinin uğurla həyata keçirir və inkişaf etdirir. Artıq Azərbaycan Avropa İttifaqı ölkələrinin daxil olduğu bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT, “Şərq Tərəfdaşlığı”, QDİƏT, GÜAM-ın fəal üzvlərindəndir.
2013-cü il iyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Cənub” Elektrik Stansiyasının açılış mərasimində bildirib ki, enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır. “Hər bir ölkə çalışmalıdır ki, enerji təhlükəsizliyini təmin etsin. Bunsuz müstəqil inkişaf mümkün deyildir. Azərbaycan nəinki öz enerji təhlükəsizliyini təmin edib, eyni zamanda, digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində də öz rolunu oynayır. Bu yaxınlarda qəbul edilmiş qərarlar Azərbaycanı dünya miqyasında, qlobal müstəvidə çox ciddi tərəfdaşa çevirir. Azərbaycan öz enerji resurslarını artıq neçə ildir ki, dünya bazarlarına çıxarır. Gələcəkdə təbii ehtiyatlarımızın dünya bazarlarına çıxarılması üçün əlavə imkanlar yaranır. Bu o deməkdir ki, Azərbaycan bundan sonra uzun illər ərzində öz iqtisadi gələcəyini təmin edir. Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı üçün şərait yaradılır. Azərbaycanın dünyadakı rolu artır və yeri möhkəmlənir. Bu, ölkəmizin gücünü artıracaqdır. Çünki biz enerji siyasətimizi uğurla aparırıq və bu siyasət bəhrəsini verməkdədir. Biz bu siyasətdən əldə edilmiş gəlirləri bütün başqa sahələrə yönəldirik”.
Azərbaycan Respublikasının qonşu ölkələr arasında Rusiya, Gürcüstan, İran və Türkiyə ilə elektroenergetika sahəsində əlaqələri mövcuddur və həmin ölkələrlə elektrik enerjisinin idxal-ixrac prosesi həyata keçirilir. Rusiya istiqamətində elektrik enerjisinin ötürülmə gücü 350 MVt, İran istiqamətində isə 550 MVt ətrafındadır.
Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində istismara buraxılmış 500 kV-luq Samux-Qardabani hava elektrik verilişi xətti (HEVX) ilə elektrik enerjisinin ötürülmə gücü 650 MVt təşkil edir.
Azərbaycan və Rusiya enerjisistemləri iki dövlətlərarası HEVX-ləri vasitəsilə birləşdirilib.
Azərbaycanın enerji sistemi Rusiya VES ilə vahid sinxron zonasında paralel iş rejimində fəaliyyət göstərir. Tərəflər arasında qarşılıqlı münasibətlər Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında elektroenergetika sahəsində əməkdaşlıq haqqında 07.10.1995-ci il tarixli Dövlətlərarası Sazişə əsasən həyata keçirilir.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının enerjisistemləri arasında münasibətlər, müvafiq iqtisadi əməkdaşlıq üzrə müştərək Hökumətlərarası Komissiyanın qərarları ilə Tərəflər arasında bağlanmış paralel iş haqqında Müqavilə, elektrik enerjisinin alqı-satqı Müqavilələri və qəza hallarında elektrik enerjisinin ötürülməsi haqqında Müqavilələr əsasında tənzimlənir.
2001-ci ilin dekabr ayından etibarən Tərəflər arasında elektrik enerjisinin idxalı və ixracı yalnız kommersiya xarakteri daşıyır. 2007-ci ildən başlayaraq Rusiya Federasiyasına ixrac olunan elektrik enerjisinin həcmi dinamik olaraq artmış və Azərbaycan enerjisistemi müsbət saldo ilə işləyir.
Azərbaycan və Gürcüstan enerjisistemləri arasında 2 hava elektrik verilişi xətti – 500 kV-luq “Samux-Qardabani” (Gürcüstandan tranzit vasitəsilə Türkiyəyə elektrik enerjisinin ixracı) HEVX və 330 kV-luq “Ağstafa-Qardabani” HEVX mövcuddur.
Azərbaycan Respublikası və Gürcüstan arasında 27.12.1997-ci il tarixində imzalanmış “Elektroenergetika sahəsində əməkdaşlıq haqqında” dövlətlərarası razılaşmaya əsasən, Tərəflərin enerjisistemləri arasında “Gürcüstan və Azərbaycan enerjisistemlərinin paralel işləməsi haqqında” Müqavilə (05.08.1998-ci il tarixində) bağlanıb. Azərbaycan və Gürcüstan enerjisistemləri arasında münasibətlər, müvafiq iqtisadi əməkdaşlıq üzrə müştərək Hökumətlərarası Komissiyanın qərarları ilə Tərəflər arasında bağlanmış paralel iş haqqında Müqavilə, elektrik enerjisinin alqı-satqı Müqavilələri və qəza hallarında elektrik enerjisinin ötürülməsi haqqında Müqavilələr əsasında tənzimlənir.
Azərbaycan Respublikası (AR) ilə İran İslam Respublikasının (İİR) enerji sistemləri arasında elektrik enerjisi mübadiləsi hal-hazırda istismarda olan beş elektrik verilişi xətti (EVX) – “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 330 kV-luq “Muğan”, 230 kV-luq “İmişli” EVX və 110 kV-luq “Astara-Astara” EVX, və Naxçıvan DEX-in balans mənsubiyyətində olan 132 kV-luq “Araz-Araz” və 132 kV-luq “Culfa-Culfa” EVX-ləri vasitəsilə həyata keçirilir.
Azərbaycan və Türkiyə energetika sistemləri arasında üç hava elektrik veriliş xətləri (154 kV-luq “İqdır-Naxçıvan 1”, 154 kV-luq “İqdır-Naxçıvan 2” və 34,5 kV-luq “Sədərək”) mövcuddur.
“Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsi” çərçivəsində Azərbaycan tərəfindən 500 kV-luq Samux-Qardabani HEVX çəkilib, Gürcüstan tərəfindən isə 500/400/220 kV-luq “Axalçixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən 400 kV-luq EVX-in tikintisi başa çatdırılıb və 2013-cü ilin sonunda istismara buraxılıb. 2016-cı ilin fevral ayından başlayaraq 500 kV-luq Samux-Qardabani HEVX vasitəsilə elektrik enerjisinin ötürülməsinə başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq, 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payının 30%-ə çatdırılması üçün tədbirlər davam edir. 29 dekabr 2020-ci il tarixində Energetika Nazirliyi və ”Azərenerji” Səhmdar Cəmiyyəti ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 6 aprel 2021-ci il tarixində isə Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Eyni zamanda keçən il yəni 2021 ci ildə Azərbaycanın qonşu ölkələrə ixrac etdiyi enerjinin həcmi də açıqlanıb. Belə ki:ötən il ixrac olunan 1 milyard 150,7 milyon kilovat/saat elektrik enerjisinin 204,1 milyon kilovat/saatı İranın, 101,8 milyon kilovat/saatı Türkiyənin, 118,5 milyon kilovat/saatı Rusiyanın, 726,3 milyon kilovat/saatı Gürcüstanın payına düşüb. Qeyd edək ki, 2020-ci ildə elektrik enerjisinin ixracı 2019-cu illə (1 milyard 490,9 milyon kilovat/saat) müqayisədə 340,2 milyon kilovat/saat azalıb.
ADPU Hüseynli Billurə