image-1backend

Azərbaycan hər bir təxribatı dəf etməyə hazırdır

image-reklam_sirab_01

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranan yeni reallıqları, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün əldə olunan  razılaşmanı həzm edə bilməyən Qərb bu dəfə başqa “taktika” seçib. Azərbaycana qarşı apardıqları istənilən çirkin kampaniyanın uğursuzluğa düçar olduğunu görən dairələr indi də güclərini mətbuata yönləndiriblər. Son həftələrdə Qərb mediasında anti-Azərbaycan isterikasının genişlənməsi bunu deməyə əsas yaradır. Azərbaycanın guya yenidən Ermənistana hücum edəcəyini iddia edən antiazərbaycançı şəbəkə bu yalan iftiralarla ictimai rəyi planlaşdırdıqları təxribata hazırlayır. Qərb mediasında tirajlanan bu cür iddiaların əsas məqsədi isə bu məsələdə informasiya fonunu yaratmaqdır.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində “vasitəçilik” missiyasını üzərinə götürmək istəyən Qərb dairələri, əslində, məkrli planlar hazırlayıblar.

Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb, Xocalı soyqırımını törədib. 2020-ci ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Qarabağda separatizm yuvasını dağıtdi. Məhz bundan sonra ölkəmiz müxtəlif istiqamətlərdə, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılaraq hücumlara məruz qalıbdır.

Fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki: “Təəssüflər olsun ki, otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda isə bu üç ölkə ölkəmizə müxtəlif təzyiqlər göstərməyə başladılar. Onlar Azərbaycan torpaqlarının azad edilməsini açıq-aydın istəmədiklərini öz fəaliyyətləri ilə göstərdilər. 2023-cü ilin sentyabrında ölkəmizdə separatizmə son qoyuldu, ərazilərimiz tam azad edildi və dövlət suverenliyimiz bərpa edildi. Bu zaman da bu ölkələr yenə öz iç üzlərini göstərdilər. Bu gün də bu davam edir, xüsusilə  ABŞ və Fransa öz ikiüzlü siyasətlərini davam etdirirlər”.

Ümumiyyətlə, istər işğal dövründə, istərsə də müharibədən sonrakı zamanlarda, həmçinin günü bu gün də Fransa açıq-aşkar Ermənistana havadarlığını gizlətməyib və hazırda da bu prosesi davam etdirir. Qərb mediasında tirajlanan iddialardan görünür ki, Fransa tək deyil. Bəzi dairələr, adını beynəlxalq təşkilat qoyan “xristian klubları” artıq Azərbayana qarşı səlib yürüşünə başlayıblar. Bunun da əsas səbəblərindən biri Azərbaycanın Cənubi Qafqazda əss güc mərkəzinə çevrilməsi, bu regionda sülhün təminatı bəzi Qərb dövlətlərinin “maraqlarına” zidd imiş. Bu xüsusda Fransanın timsalında bəzi Qərb dövlətlərinin sərgilədikləri mövqe onu göstərir ki, bu qüvvələr Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyillər. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması üçün hər cür oyunlara əl atan Qərb, xüsusən də Fransa regionu yenidən “müharibə ocağına” çevirmək arzusundadır.

Qalib Komandan kimi İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra region dövlətlərini yeni formatlı birgə əməkdaşlığa çağırdı və bu, bölgədə təhlükəsizliyin təminatını şərtləndirəcək yeganə yol idi. Çünki Ermənistanla sülh müqaviləsi bağlanacağı halda yaranacaq yeni əməkdaşlıq platformalarının regionun inkişafına müsbət impuls verəcəyi qaçılmazdır. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Yəni Azərbaycan savaş deyil, sülh tərəfdarıdır. Azərbaycan öz torpaqlarını iğaldan azad edib və bu gün dünya da görür ki, 30 il ermənilərin viran qoyduqları ərazilərdə Azərbaycan yalnız öz iqtisadi qüdrəti hesabına möhtəşəm layihələr gerçəkləşdirir. İllərlə yurd həsrətində olan vətəndaşlarının dogma el-obasına Böyük qayıdışını təmin edir. Bu da ölkəmizin sülhsevər mövqeyinin əyani sübutudur.

Prezidentin  Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirdiyi fikirlər həm də Azərbaycana iftira atan Qərbə mesaj verdi ki, bu gün Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir və hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki