Münxen Təhlükəsizlik Konfransı istər yüksək səviyyəli təmsilçilik baxımından, istərsə də müzakirəyə çıxarılan məsələlərin aktuallığı nöqteyi-nəzərindən əhəmiyyətli beynəlxalq platformalardan biri hesab olunur. Prezident İlham Əliyev ötən həftə bu mühüm platformanın yaratdığı imkanlardan istifadə edərək, ölkəmizin haqlı mövqeyini və beynəlxalq aktorlardan legitim gözləntilərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq və qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşdə səsləndirdiyi fikirlər, ortaya qoyduğu birmənalı mövqe xüsusilə diqqət çəkir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
“Dövlətimizin başçısı hər iki görüşdə qarşı tərəfin diqqətinə çatdırdı ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan mexanizmlərin, o cümlədən Minsk qrupunun, Yüksək Səviyyəli Planlaşdırma Komitəsinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi artıq gərəksiz bir struktura çevrilmiş qurumun ləğvi günün tələbidir. Prezident İlham Əliyev kifayət qədər açıq olan bu mövqeyi ilə opponentlərinə faktiki o mesajı verdi ki, 28 il boyunca vasitəçilik institutunun sığındığı siyasi mandatın gündəliyi 44 günlük Vətən müharibəsi nəticəsində öz aktuallığını itirib, Azərbaycan savaş meydanında Ermənistanın işğalına son qoymaqla Cənubi Qafqazda beynəlxalq hüquqa söykənən yeni siyasi reallıq yaradıb. Azərbaycanın imza atdığı gerçəkliklərdən biri də bu il ev sahibliyi edəcəyi COP29 kimi nüfuzlu beynəlxalq tədbirdir. Prezident İlham Əliyev ATƏT rəsmilərinin diqqətinə onu da çatdırdı ki, Azərbaycan məhz bu tədbir çərçivəsində ATƏT ilə əməkdaşlığa hazırdır və bu təmaslarda inklüziv konsepsiyanın tərəfdarıdır.
Azərbaycan Prezidenti fərqli yozumlara və aldadıcı ümidlərə fürsət tanımayan mövqeyi ilə bir daha nümayiş etdirdi ki, beynəlxalq platformalarda verdiyi bəyanatlar daxili auditoriya qarşısındakı açıqlamalarından heç nə ilə fərqlənmir, bir çox həmkarlarının ritorikasından siyasi şəffaflığı və məntiqi ardıcıllığı ilə seçilir. Elə bu səbəbdən, Azərbaycan Prezidentinin ATƏT rəsmiləri qarşısında verdiyi bəyanatlar cəmiyyətimiz üçün gözlənilməz olmadı. Prezident İlham Əliyev Bakıda andiçmə mərasimində ifadə etdiyi mövqeyini Münxen Təhlükəsizlik Konfransı iştirakçılarının diqqətinə də olduğu kimi çatdırdı. Prezident İlham Əliyevin ATƏT rəsmilərinə çatdırdığı mövqe, onun andiçmə mərasimindəki bu fikirlərinin məntiqi davamı idi: “Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur… Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin ənənəsinə sadiq qalaraq, ilk rəsmi səfərini qardaş Türkiyəyə etməsi də Azərbaycan Prezidentinin mövqe ardıcıllığının və siyasi iradə bütövlüyünün göstəricisidir. Prezident ilk rəsmi səfərini qardaş ölkəyə edəcəyini, əslində, andiçmə mərasimində özü bildirmişdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Dövlətimizin başçısı fevralın 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən birgə mətbuat konfransında bu seçimin təsadüfi olmadığını xüsusi vurğuladı. Prezident İlham Əliyev növbəti açıqlaması ilə hər kəsə, o cümlədən bədxahlarımıza nümayiş etdirdi ki, Azərbaycan dövlət başçısının ilk rəsmi səfərlə bağlı oturuşmuş ənənəsinə sadiq qalması sıradan protokol hadisəsi deyil: “Qeyd etdiyiniz kimi, prezident seçkilərindən sonra mənim ilk rəsmi səfərim qardaş ölkəyədir. Bu, təbiidir, bu, bir ənənədir. Biz əcdadlarımızdan qalan bütün ənənələrə sadiqik. Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.
“Dövlətimizin başçısı mətbuat konfransında Türk dünyası və bölgəmiz üçün mühüm əhəmiyyət daşıyan bir tədbirin də müjdəsini verərək bildirdi ki, iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Prezident İlham Əliyev həmin tədbirin ictimai-siyasi əhəmiyyətini bu cür ifadə etdi: “Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək… Eyni zamanda, müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”.
Şuşada keçiriləcək Zirvə görüşü Yeni dövrün yol xəritəsində Qarabağın və Şərqi Zəngəzurun, bütövlükdə müstəqil Azərbaycanın oynadığı rolun miqyasını, Türk xalqlarının sarsılmaz birliyini bir daha dünyaya nümayiş etdirəcək. Zaman ötdükcə heç kəsdə şübhə qalmayacaq ki, Türk Dövlətləri Təşkilatı artıq geosiyasi və geoiqtisadi proseslərdə aparıcı beynəlxalq aktorlardan birinə çevrilib”, – deyə Ülvi Quliyev vurğulayıb.