Mart ayının 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri Azərbaycan və NATO arasında əməkdaşlığın yeni hüdudlarını müəyyənləşdirdi.
Bu ilin may ayında Azərbaycan–NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət ərzində bu əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edib və genişlənib. 1994-cü ildə alyansın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramına qəbul edilməsi Azərbaycan üçün tarixi hadisə sayılırdı. Bəli, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan–NATO tərəfdaşlığının birinci tərəf üçün faydalı olduğunun sübutunu biz İkinci Qarabağ müharibəsində gördük. Hərbi alyansın SNT layihəsi çərçivəsində Azərbaycan Ordusunda aparılan islahatlar bizim müdafiə imkanlarımızı genişləndirdi, silahlı qüvvələrimizi müasirləşdirdi, onun peşəkarlıq səviyyəsini artırdı. Bu faktı qeyd etməmək mümkün deyil. Ötən 30 ildə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində yaxından iştirak edib.
Bu barədə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərb-çilərimizn Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulayıb: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ciilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Daha sonra bəyanatında baş katiblə enerji təhlükəsizliyi məsələsini müzakirə etdiklərini bildirən cənab Prezident bu gün Azərbaycanın Avropanın 8 ölkəsinə qaz nəql etdiyini və onların 6-sının NATO üzvü, digər ikisinin isə hərbi blokun tərəfdaş ölkəsi olduğunu nəzərə çatdırıb. Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırdığını ayrıca qeyd edən İlham Əliyev bunun həm böyük üstünlük, həm də ciddi məsuliyyət olduğunu bildirib.
Prezident İlham Əliyev NATO-nun baş katibini Azərbaycanın “yaşıl keçid” gündəliyi barədə də məlumatlandırıb. COP29-a evsahibliyi edəcək ölkəmizin zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik olduğunu, tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırdığımızı diqqətə çatdıran dözlətimizin başçısı cənab Stoltenberqi bu ilin noyabrında COP29-un qonağı qismində ölkəmizə səfərə dəvət edib.
NATO baş katibi Yens Stoltenberqin Bakıya səfərində Prezident İlham Əliyelə görüşündən sonra səsləndirdiyi bir sıra mesajlar onu göstərir ki, Azərbaycanın bu hərbi blokla əməkdaşlığı, ilk növbədə, qarşı tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq uzun illərdir davam edir və Azərbaycan NATO-nun bir çox proqramlarında yaxından iştirak edib. Bizim hərbçilərimizin sülhməramlı missiyaların tərkibində iştirakı baş katib tərəfindən çox yüksək qiymətləndirildi.
Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı məhz bu formatda bundan sonra da davam etdiriləcək. Eyni zamanda, biz bu hərbi blokun vacib üzvü sayılan qardaş Türkiyə ilə strateji əməkdaşıq. Azərbaycan Silahlı Qüvvələrində NATO modeli yüksək səviyyədə tətbiq olunur. Bunun özü də real faktdır. Yəni, biz bu əməkdaşlığı yüksək qiymtləndiririk, eyni zamanda, NATO-nun Baş katibi buna böyük dəyər verərək ümid etdiyini bildirdi ki, belə qarşılıqlı faydalı əməkdaşlıq yenə davam etdiriləcək.
Azərbaycan bu hərbi blokun bütün tədbirlərində, missiyalarında, müxtəlif proqramlar çərçivəsində keçirdiyi təlimlərdə mütləq iştirak edəcək. Bakıda aparılan danışıqlarda bu niyyət kifayət qədər aydın şəkildə öz təsdiqini tapdı.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü