“Gözlənildiyi kimi, Prezident İlham Əliyev seçkilərdən sonra ilk rəsmi səfərini Ankaraya etdi. 7 fevral seçkilərini böyük maraq və coşqu ilə izləyən Türkiyə ictimaiyyəti də bu səfəri gözləyirdi. Təsadüfi deyil ki, Prezident bu gözləntilərin təbii olduğunu, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bənzərsiz dərəcədə doğma olduğunu vurğulayıb. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, iki qardaş ölkənin liderləri seçkilərdən sonrakı yeni dövrdə qarşılıqlı maraq kəsb edən çoxsaylı məsələlər haqqında ətraflı fikir mübadiləsi apardılar: “İkitərəfli münasibətlərlə yanaşı beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olundu. Hər iki dövlət başçısı Şuşa Bəyannaməsinə əsasən birgə ordu quruculuğu və təhlükəsizliyin gücləndirilməsi istiqamətində aparılan fəaliyyətləri ardıcıl şəkildə davam etdirəcəklərini bildirdilər. Bu sırada Azərbaycanda hərbi təyinatlı məhsulların “Baykar” şirkəti ilə birgə istehsalının ölkələrimizin müdafiə qabiliyyətinin yüksəldilməsinə böyük töhfə verəcəyi vurğulanıb.
Deputat sözlərinə davam edərək bildirib ki, dünyadakı mövcud geo-siyasi vəziyyəti dəyərləndirən Türkiyə və Azərbaycan liderləri Orta Dəhliz layihəsi və bu qlobal layihədə ölkələrimizin mühüm yer alması ilə bağlı fikir mübadiləsi aparıblar: “Prezidentlərin iştirakı ilə təhsil, baytarlıq və vergi siyasəti ilə bağlı mühüm razılaşmalar imzalanıb. Görüşlərin çox məhsuldar və faydalı olduğu, eyni zamanda bölgədə sülhün təmin olunmasına mühüm töhfələr verəcəyi şübhəsizdir”.