Bu gün Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Pakistanın Ticarət və Sənaye Palataları Federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.
Veteninfo.az bu barədə Konfederasiyaya istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı keçirilən onlayn görüşdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, ASK-nın prezidenti Məmməd Musayev, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının vitse-prezidenti Mian Nəsir Xan və hər iki ölkənin sahibkarları iştirak ediblər.
Səfirlər iki dövlət arasında yüksək diplomatik əlaqələrin qurulduğunu və Azərbaycanın haqq işində Pakistanın onun yanında olduğunu xüsusi vurğulayıblar. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı ilə bağlı dəstək verməyə hazır olduqlarını qeyd ediblər.
M.Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin genişlənməsi istiqamətində atılan addımları müsbət qiymətləndirib: “Bu memorandumun imzalanma tədbiri bizim üçün əlamətdar bir dövrə təsadüf edir. Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük şanlı Vətən Müharibəsinin 1 illiyini qeyd edirik. Ölkələrarası iqtisadi əlaqələrin genişlənməsinə ASK olaraq bütün sferalarda dəstək verməyə hazırıq. Memorandum hər iki ölkənin iş adamları arasında körpü rolunu oynayacaq.
Sonra ASK, Pakistan Ticarət və Sənaye Palataları Federasiyası, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimatları nümayiş etdirilib.
Memorandum ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına dəstək, birgə fəaliyyət üçün sahələrin seçilməsi, layihələrin müəyyənləşdirilməsi və digər məsələləri əhatə edir.