Şimali Reyn-Vestfaliya əyalətində şagirdlərin üzlərini tamamilə örtən geyimlərlə dərsə gəlməsinə qadağa qoyulub.
Almaniyanın ən böyük federal əyalətlərindən biri olan Şimali Reyn-Vestfaliyanın parlamenti məktəblərdə üzü tamamilə örtən geyimlərin istifadəsini qadağan edən qanun qəbul edib.
Vətəninfo.az xəbər verir ki, “Der Spiegel” və “Die Zeit” nəşrlərinin məlumatına görə, yeni qadağa burqa və niqab geyinən qız şagirdlərə də şamil olunur. Üzü açıq saxlayan baş örtükləri isə qadağaya daxil deyil.
Qadağa “Təhsil bərabərliyinin və demokratik təhsilin gücləndirilməsi haqqında” daha geniş qanunvericilik paketinin tərkib hissəsidir.
Qanunun əsaslandırılmasında bildirilir ki, təhsil prosesində ünsiyyət yalnız danışıq sözlərinin anlaşılması ilə məhdudlaşmır. Bədən dili və üz ifadələri də müəllimlə şagirdlər arasında effektiv ünsiyyətin vacib elementləridir.
Yeni qaydalara əsasən, şagirdlər məktəbə müəllimlərin və digər şagirdlərin onları tanımasını, eləcə də ünsiyyət qurmasını çətinləşdirən geyimdə gəlməməlidirlər.
Qanun məktəb rəhbərliklərinin şagirdlər arasında zorakılıq və təhdid hallarına qarşı mübarizə imkanlarını da genişləndirir. Belə hallarda şagirdlərin bir aya qədər dərslərdən kənarlaşdırılması mümkün olacaq.
Qeyd edək ki, burqa və niqabın məktəblərdə, eləcə də ictimai yerlərdə istifadəsinin qadağan edilməsi məsələsi Avropanın bir sıra ölkələrində müzakirə olunur.
2023-cü ildə İsveçrədə üzün tam örtülməsinə qadağa tətbiq edilib. İtaliyanın Baş naziri Corcia Meloni də məktəblərdə burqa və niqab geyinilməsini qadağan edən qanun layihəsinin hazırlandığını açıqlayıb.


























