image-1711643348_img-20240328-wa0015backend

Azərbaycana qarşı informasiya təxribatı davam edir – Deputat yazır…

image-reklam_sirab_01

Martın 27-də Fransanın “Le Fiqaro” qəzetində Ermənistanın vaxtilə Qarabağda yaratdığı qondarma separatçı rejimin tör-töküntüləri ilə müsahibə dərc olunub. 37 ildən sonra yenə də həmin Fransa “siyasi üzdəniraqları” tarixin zibilliyindən çıxarıb onları “diriltməyə”, legitimləşdirməyə cəhd edir. Cəmiyyətimizdə ikrah doğuran odur ki, bu iyrənc cəhd aprelin 5-nə nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-ABŞ üçtərəfli görüşündən cəmi 9 gün əvvəl baş verir. NATO-nun sabiq Baş katibi Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın dostlar şəbəkəsi” isə eyni mərkəzdən təşkil olunmuş təxribat planının tərkib hissəsi kimi Azərbaycan əleyhinə əsassız ittihamlar və qərəzli iddialar səsləndirir. Yeganə fərq ondadır ki, keçmiş Baş katib bunu həm də maddi maraq qarşılığında edir. Açıq-aşkar görünən odur ki, sözdə sülhdən və dinc birgəyaşayışdan, qanunun və demokratiyanın aliliyindən danışan həmin dairələr bir-biri ilə əlaqəli şəkildə Azərbaycanın üzərinə gəlir, nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə bağlı həyata keçirdiyimiz addımların qanuniliyini şübhə altına almağa çalışır, 37 il əvvəlki tarixi yenidən təkrarlamaq üçün “dəridən-qabıqdan” çıxırlar. Özü də bunu utanmadan, gizlətmədən, beynəlxalq hüquqla hesablaşmadan edirlər.

Artıq o da gizlədilmir ki, anti-Azərbaycan həmləsinin önündə, 37 il əvvəl olduğu kimi, yenə də həmin Fransa dayanır. O ölkə ki, 28 il ərzində guya tərəfsiz vasitəçi olmaq məsuliyyətini, münaqişəni dinc yolla həll etmək öhdəliyini öz üzərinə götürmüşdü. Amma həyat göstərdi ki, Fransa nə o zaman ədalətin tərəfində olmayıb, nə də indi təmin etdiyimiz tarixi ədalətin təntənəsindən, yumşaq desək, məmnun deyil. İkrah doğuran və acınacaqlı olan budur ki, Fransanın bütün əndazələri aşan anti-Azərbaycan davranışına haqq qazandırmağa çalışanlar və bunda guya özümüzün günahkar olduğumuzu iddia edən cahillər də tapılır. Cəmiyyətimizdə ictimai qınağı gücləndirən həm də odur ki, bu iyrənc təbliğatda özünü “siyasətçi”, “müxalifət lideri”, yaxud “ən böyük analitik və konfiliktoloq” hesab edən bəzi soydaşlarımız xüsusi canfəşanlıq göstərirlər. Yaddaşı qısalmış belələrinə üzləşdiyimiz tarixi faktlardan birini növbəti dəfə xatırlatmaq istərdim. Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılmasına həsr olunmuş tarixi mərasimdə həmin faktı hər kəsə xatırlatmağa ehtiyac duymuşdu: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb”.

37 il əvvəl Fransanın “Humanite”sindən başlamış informasiya təxribatı bu gün “Le Fiqaro” qəzetində davam etdirilir, artıq mövcud olmayan separatçı rejimin tör-töküntüsünün legitimləşdirilməsi və onlara ictimai rəğbətin formalaşması üçün media dəstəyi göstərilir. Necə düşünürsünüz, görəsən, həmin ölkənin eyni mətbuat orqanları Ukraynadakı separatçı rejimin “təmsilçilərinə” bu cür informasiya dəstəyi verərdilərmi? Əlbəttə ki, verməzdilər və cəmiyyətimizdəki ictimai hiddətin səbəbi də elə bu cür ayrı-seçkiliyə, riyakarlığa söykənən ikili standartlar siyasəti və informasiya təxribatlarıdır. Azərbaycanın suveren hüquqlarına və legitim addımlarına şübhə toxumu səpməyə xidmət edən media təxribatından söz düşmüşkən, Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışından bu iqtibası yada salmaq istərdim: “Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq- biz bütün bunları gündəlik həyatda görürük, Azərbaycan xalqı görür və bundan hiddətlənir”.

Vaxtilə “Humanite”nin, bu gün isə “Le Fiqaro”nun səhifələrində xunta rejiminin tör-töküntülərinə yer verib qucaq açanlar hələ də anlamaq istəmirlər, yaxud anlasalar da o təhlükənin fərqinə varmırlar ki, onların “söz azadlığı” və “demokratik dəyərlər” adı altında apardıqları təhlükəli informasiya “oyunu” separatçılığın təbliğinə, yeni münaqişə və müharibələrin alovlandırılmasına xidmət edir. Bu gün ölkəmizi hədəf seçənlər üç il əvvəl azərbaycanlı ekoaktivistlərin Xankəndi-Laçın yolunda keçirdikləri dinc etiraza kölgə salmağa, ona müxtəlif adlarla “don” geyindirməyə çalışırdılar. Eyni dairələr daha sonra Laçında sərhəd-keçid məntəqəmizin qurulmasını və ötən ilin sentyabrında həyata keçirdiyimiz anti-terror tədbirinin qanuniliyini şübhə altına almağa başladılar. Rəsmi bəyanatları ilə yanaşı, beynəlxalq medianın köməkliyi ilə dünya ictimaiyyətini hələ də inandırmağa çalışırlar ki, Azərbaycanın suverenliyinin bərpasına xidmət edən addımları dünya ictimaiyyəti tərəfindən yolverilməz hesab olunmalıdır. Yeri gəlmişkən, bu cür əsassız iddialar AŞPA-nın və Avropa Parlamentinin anti-Azərbaycan ruhlu bütün qərəzli qətnamələrinin özəyini təşkil edir.

Fransa Senatı isə daha uzağa gedərək, keçmiş “Dağlıq Qarabağ respublikasının müstəqilliyinin tanınması” ilə bağlı beynəlxalq hüquqa zidd olan qətnamələr qəbul etməklə absurd mövqe ortaya qoyur. Ermənistanın Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan Konstitusiyasının, digər qanunvericilik aktlarının dəyişdirilməsi, yaxud səkkiz kəndimizin dinc yolla geri qaytarılması ilə bağlı tələbimiz də eyni siyasi mərkəzlər tərəfindən Ermənistanın suverenliyinə qəsd kimi qələmə verilir. Azərbaycan Prezidenti başda olmaqla, digər rəsmilərimiz tərəfindən dəfələrlə bəyan edilsə də ki, Azərbaycan münaqişəni bitmiş hesab edir və Ermənistana qarşı heç bir müharibəyə hazırlaşmır, baş nazir Paşinyan və onun himayədarları dünya ictimaiyyətini inandırmağa çalışırlar ki, bu belə deyil, Azərbaycan bugün-sabah nüharibəyə başlayacaq. Acınacaqlı olan budur ki, bu cür qərəzli anti-Azərbaycan tezislərinin təbliğində xaricdəki bəzi soydaşlarımızdan, onlara məxsus Youtube kanallarından geninə-boluna istifadə olunur. Hətta ABŞ, Fransa, Rusiyanın rəsmi və qeyri-rəsmi sözçüləri, media təbliğatçıları “barıtı” çox tökdüklərinin fərqinə varıb, özlərinə çəki-düzən verərək susduqda belə, azərbaycanlı Youtuberlər dayanmaq bilmir, soykökləri ilə bağlı olduqları dövlətin maraq və mənafeyini çox asanlıqla unudurlar.

Təəssüf ki, məhz belələrinin fəal iştirakı ilə ölkəmiz əleyhinə yönəlmiş informasiya təxribatı bu gün də davam etməkdədir. Məsələn, Le Fiqaro qəzetində məlum müsahibənin dərc olunduğu gün Rusiya XİN sözcüsünün mətbuat konfransı keçirilirdi. Həmin konfransda erməni jurnalistin təxribat xarakterli sualı bundan ibarət oldu ki, “Rusiya Azərbaycanın Ukraynaya hərbi yardım göstərməsinə necə yanaşır”. Elə həmin gün xaricdən yayımlanan, soydaşlarımıza məxsus olan Youtube kanallarında eyni mahiyyətli, ölkəmizi hədəfə gətirən qərəzli və əsassız tezislərin tirajlanmasına başlanıldı. Erməni jurnalistin start verdiyi informasiya təxribatı davam etdirilərək İddia olundu ki, guya Azərbaycan kollektiv Qərbin sanksiyalarını pozaraq Rusiya neftinin və neft məhsullarının satışını həyata keçirir. Rəzalət ondadır ki, ifadə imkanı erməni-budaq çümlələrindən kənara çıxa bilməyən və özünü gizli danışıqların mübhəm detallarından ən məlumatlı şəxs kimi aparan azərbaycanlı bir “konfliktoloq” erməni kanallarına çıxaraq utanmadan həmin tezisləri müdafiə edir. Sonra da inciyirlər ki, onlara niyə anti-milli ünsür deyilir, niyə xalq belələrinə haqq etdikləri damğanı vurur.

Cəmiyyətimizdə artıq hər kəsə yaxşı məlum olan bir həqiqəti heç vaxt unutmamalıyıq. Unutmamalıyıq ki, təşviq olunan bütün anti-Azərbaycan tezislərinin, qərəzli bəyanat və qətnamələrin yalnız bir hədəfi var: nəyin bahasına olursa-olsun Qarabağda möhtəşəm Qələbəmizi təmin etmiş tarixi birliyimizə kölgə salmaq, bu məqsədlə ölkədaxili ictimai-sabitliyi pozmaq. Bu iyrənc məqsədə xidmət edənlərə və bu çirkin əməldə bir alət kimi istifadə olunanlara, yaxud bu cür rəzil iştirakçılığa könüllü şəkildə qoşulanlara Prezident İlham Əliyevin andiçmə mərasimində etdiyi tarixi çağırışı bir daha xatırlatmaq istərdim: “Bu birlik, bu həmrəylik və bu şanlı Zəfər tarixi Azərbaycanda yaşayan bütün xalqları daha da sıx birləşdirir və bu da əsas vəzifələrdən biri kimi qarşıya qoyulur… Çünki bizi istəməyən qüvvələr, bizim gücümüzü qəbul etməyən, Ermənistan üzərində parlaq Qələbəmizi həzm edə bilməyən anti-Azərbaycan qüvvələr çalışacaqlar ki, bu amildən istifadə etsinlər. Onların səyləri əbəs olacaq”.

Siyasi qısqanclıqları ucbatından tarixi Zəfərimizin miqyasını hər fürsətdə kiçiltməyə çalışan, onu həzm edə bilməyən ölkə və təşkilatların Azərbaycan əleyhinə yönəlmiş qərəzli qətnamə və bəyanatlarına hansısa formada haqq qazandırmağa cəhd edən siyasət oyunbazları, eləcə də talelərindən, şəxsi uğursuzluqlarından inciyərək xaricə mühacirət etmiş bəzi soydaşlarımız, nəhayət, anlamalıdırlar ki, insan üçün ən böyük cəza ictimai qınaqdır, xalqın tənəsidir. Hətta hüquq müstəvisində bu cür əməllər bağışlanılıb zamanla unudula bilsə də, xalq heç vaxt belə əməlləri bağışlamır və xalqın tənəsinin ömrü konkret zamanla məhdudlaşmır, bəzən isə bu tənənin ağırlığı altında gələcək nəslin də mənəvi əziyyət çəkməli olur. Nəticə çıxarmalı olduğumuz həqiqətlərdən və acı gerçəkliklərdən biri də məhz budur.

Ülvi Quliyev Milli Məclisin deputatı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki