Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Samux rayonunda “Açıq mikrofon” aksiyası keçirib.
Bu barədə Qaynarinfo-ya qurumdan bildirilib.
Məlumatda deyilir ki, görüşdə “Azəriqaz”ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov və İstehsalat Birliyinin digər rəhbər şəxsləri, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən sahibkarlar əsasən ötən illər ərzində istehlak etdikləri qaz sərfiyyatının həcminə görə yaranan borclarla bağlı güzəştlərin olunmasını xahiş ediblər. Baş direktorun müavini ünvanlanan hər bir müraciətin araşdırılaraq “Azəriqaz”ın baş direktoru Ruslan Əliyevə təqdim olunacağını bildirib.
“Səyyar qəbul otağı'”nın imkanlarından istifadə etmək üçün ətraf qəsəbələrdə, yeni yaşayış massivlərində yaşayan xeyli vətəndaş “Açıq mikrofon” aksiyası baş tutan ünvana üz tutub. Onlar əsasən payız-qış aylarında üzləşdikləri çətinliklərdən söz açaraq yaşadıqları ərazilərin mavi yanacaqla təmin olunmasını xahiş ediblər. Səslənən hər müraciət qeydə alınıb.
“Bu, “Azəriqaz”ın sayca 22-ci “Açıq mikrofon” aksiyasıdır. İstehsalat Birliyi sahibkarlara lazımi dəstəyi bundan sonra da davam etdirəcək”, – deyə məlumatda qeyd olunub.