Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda “Cavanşir” körpüsünün ərazisində yeni yolun inşasını yekunlaşdırmaq üzrədir.
Vətəninfo.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, “İnşaat Norma və Qaydaları”na əsasən aparılan işlər çərçivəsində ərazidə körpünün sökülməsi, sökülmüş hissələrin ərazidən daşınması işləri görülüb. Daha sonra ərazidə yararsız qrunt qazılaraq çıxarılıb, kommunikasiya xətləri köçürülüb, ardınca əks-dolğu işləri icra olunaraq yeni yol yatağı inşa edilib.
Layihəyə uyğun olaraq yol ötürücüsünün yerləşdiyi ərazidə yeni yolun və əsas yola birləşən giriş-çıxış yollarının tikintisi üçün yol əsasının inşası da yekunlaşdırılaraq asfaltlanma işləri yerinə yetirilib.
Aparılan işlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Belə ki, layihə boyu yeni piyada səkilərinin tikintisi icra olunub. Hazırda piyada səkilərinin və yolun hərəkət hissəsinin kənarlarına yeni səki daşlarının düzlüməsi, səkilərin tamet daşlarla örtülməsi işləri də aparılır.
Bundan başqa layihəyə uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ayrıcı zolaqlarda və yol kənarlarında əlavə abadlaşdırma işləri görür, münbit torpaq qatı verərək yeni yaşıllıq ərazilər salır.
Bakının Xətai rayonunun Afiyəddin Cəlilov – Üzeyir Hacıbəyli küçələri istiqamətində yerləşən uzunluğu 202 m, eni 17 m, 12 aşırımdan ibarət olan “Cavanşir” yolötürücüsü dəmiryolu vasitəsi ilə yüklərin qısa zamanda dəniz limanına çatdırılması üçün 1962-ci ildə istismara verilib. Sözügedən ərazidə dəmir yolu şəbəkəsinin ləğv edilməsi ilə körpünün əvvəlki əhəmiyyətini itirməsi, həmçinin yolötürücüsünün yükgötürmə qabiliyyətinin müasir normativ yük təsirinə (A15 və NK 100) cavab vermədiyi nəzərə alaraq təhlükəsizlik baxımından bu qurğunun sökülməsi məqsədəuyğun hesab edilib.