Ölkəmizdə təhsilin inkişafına böyük önəm verən Bank Respublika və Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi keçirilib. Tədbirdə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov, AzTU-nun rektoru Vilayət Vəliyev və hər iki tərəfdən nümayəndələr iştirak edib.
Rektor Vilayət Vəliyev qonaqlara universitetdə görülən işlər, həyata keçirilən yeni layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.
Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Tariyel İsmayılov imzalanacaq memorandumun müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib.
Çıxışlardan sonra AzTU ilə Bank Respublika arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Memoranduma əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.
Memorandumda təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmə, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, onların məşgulluğunun təmin edilməsi məqsədilə bankda təcrübə keçmələrinin təmin olunması da əksini tapıb.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.