image-qanunbackend

BİR QANUNUN YARATDIĞI QORXU: o, kimlərin kürkünə birə salıb?

image-reklam_sirab_01
Ruslarda tez-tez istinad edilən belə bir məşhur məsəl var: “Kol dibində gizlənmiş dovşanlar həmişə elə sanarlar ki, təlim keçən tankların hücumu onlara qarşı yönəlib”.
Uzun illərdir Azərbaycanda bir dəstə siyasət adamı var ki, hökumətin dövlət maraqları üçün atdığı istənilən addımın məhz onlara qarşı yönəldiyini düşünür və bütün qiymətləndirmələrini, yanaşma və əsaslandırmalarını da buna görə aparırlar.
Elə 16 dekabr 2022-ci ildə Milli Məclisdə qəbul edilən və bu il yanvarın 11-də prezident İlham Əliyev tərəfindən imzalanan “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa həmin siyasət adamlarının reaksiyası da ənənəvi qaydadadır: hesab edirlər ki, digər qanunlar kimi, bu qanun da məhz onlara qarşı yönəlib və onların siyasi azadıqlarını məhdudlaşdıracaq.
Baxmayaraq ki, qanun layihəsi hələ ictimai dinləməyə təqdim olunandan və daha sonra da Milli Məclisdə müzakirələr zamanı ona 110-a yaxın əlavələr və düzəlişlər edilib, “mürtəce” sayılan maddələrsə çıxarılıb.
Bununla belə, həmin partiyaların qanuna münasibəti yenə dəyişməyib, sabit qalıb və hələ də o qənaətdədirlər ki, hakimiyyətin bütün bu addımları yalnızca onların ev şəraitində, kompüter arxasında “illərdir apardıqları möhtəşəm və misilsiz mübarizə”nin önünü kəsməyə hesabanıb.
Bəs bu qanun, doğrudanmı, onların iddia etdikləri kimi, siyasi azadlıqları məhdudlaşdırır və mürtəce mahiyyətlidir? Ümumiyyətlə, bu qanunda əvvəlkindən fərqli nələr var ki, onun qəbulu hansısa siyasi partiyanı ciddi narahat edir?
Xatırladaq ki, biz bu qanun hələ layihə şəklində ictimaiyyətə təqdim olunan zaman onun müzakirəsində də iştirak etmiş və belə bir qanunun qəbuluna ciddi ehtiyacın olduğunu bildirmişdik.
Çünki siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparan əsas institutlar olaraq, ölkənin siyasi sistemində ən mühüm həlqəni təşkil edirlər və əgər biz ölkənin siyasi sistemində yeni dövrün reallıqlarına uyğun fundamental islahatlar aparmaq niyyətindəyiksə, ilk növbədə, bunun hüquqi bazasını, mexanizmlərini yaratmalıyıq.
“Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması və qəbulu da daha çox bu ehtiyacdan qaynaqlanır. Konkret desək, bu, yeni dövrün tələbi, zərurətdir.
Hazırda ölkədə 60-a yaxın siyasi partiyanın mövcud olduğu bildirilir. Reallıqda isə bu partiyaların əksəriyyətinin yalnız adları və qeydiyyat şəhadətnamələri, illərdir dəyişməyən sədrləri var; dövrün tələblərinə uyğun aydın məram, proqram və ideoloji xətləri, daxili rəqabət potensialları, geniş və hazırlıqlı kadr bazası, praktik fəaliyyətləri isə, demək olar ki, yoxdur.
Elə bu formallığın nəticəsi olaraq da, cəmiyyətə hər hansı ciddi təsir imkanlarına sahib deyillər. Sanki kimlərsə bu partiyaları ya imic naminə, ya da hansısa “kritik dövr” üçün, gərəkli anda siyasi təzyiq aləti və ya örtük kimi istifadə etmək məqsədiylə yaradıb, ehtiyatda saxlayır ki, bu da bütövlükdə həm dövlətin özünə təhlükədir, həm də partiyalılıq institutunun, partiya anlayışının özünü tamamilə hörmətdən, nüfuzdan salır…
Qısa desək, illərdir bu sektorda çox böyük bir nizamsızlıq, süstlük, məsuliyyətsizlik və hərc-mərclik mövcuddur və belə bir şəraitdə hər hansı effektli siyasi islahat aparmaq, yeni münasibətlərə keçid etmək də mümkün deyil.
Məsələn, tutaq ki, hakimiyyət gələcəkdə geniş siyasi açılıma getmək, müxalifətlə hansısa bir masa arxasında əyləşmək, davamlı dialoqda olmaq, siyasi məsləhətləşmələr aparmaq, onların kadr bazasından dövlət idarəetməsinə cəlb etmək niyyətindədir. Bu proses kiminlə, hansı partiyalarla, hansı liderlərlə aparılmalıdır, hansı meyar əsasında?! Siyasi sektoru bazara, partiya sədri postunu siyasi alver predmetinə çevirən, cəmiyyətdən hər hansı dəstəyi olmayan məsuliyyətsiz və ağzının danışığını bilməyən, siyasi dünyagörüş və əxlaqdan məhrum istənilən “partiya sədri”yləmi?! Ona görə ki, o, siyasi partiya kimi dövlət qeydiyyatından keçib?!
Heç rəvadırmı ki, iniyədək heç bir seçki prosesində iştirak etməyən, özündən və ailə üzvlərindən başqa partiyasında adam olmayan, ancaq hansısa qaranlıq əlaqə və maraqlar naminə vaxtilə “siyasi partiya” kimi dövlət qeydiyyatına alınanla arxasında minlərlə insanın durduğu, davamlı şəkildə seçkilərdə iştirak edən, geniş kadr bazasına və insan resursuna sahib siyasi təşkilat bərabər götürülsün, eyni status və imtiyaza iddia etsin?!
Bu, ən yaxşı meyar sayılan ədalət prinsipinin pozulması demək olmazmı? Axı ədalət – hər kəsə bərabər münasibət deyil, ədalət – hər kəsi öz yerinə qoymaqdır!
Yeni qanun isə, hər şeydən əvvəl, hər kəsi öz yerinə qoymağa – bu hərc-mərcliyi, dağınıqlığı, süstlüyü və məsuliyyətsizliyi aradan qaldırmağa, siyasi partiyalarda məsuliyyət hissini, gücü və nüfuzu artırmağa, onlar arasında təmərküzləşmə meyllərini sürətləndirməyə, bir növ, bu sektorda gələcək islahatlar üçün ölkənin milli maraqlarına uyğun şəkildə bir nizam, sabit və möhkəm özül yaratmağa hesablanıb.
1992-ci ildə qəbul olunmuş qanunda əksini tapmış bəzi müddəaların sərtləşdirilməsi və dövrün tələblərinə uyğunlaşdırılması da elə bununla bağlıdır.
Baxın, bu qanunun əleyhinə hazırda daha çox o partiya, təşkilat və şəxslər çıxırlar ki, ya vaxtilə hansısa imtiyaz, resurslar və qaranlıq əlaqələr hesabına “populyar siyasi təşkilat” kimi tanınıblar, indi isə real gücləri və cəmiyyətdən dəstəkləri yoxdur, davamlı və şəffaf rəqabətə, yeni münasibətlərə keçidə hazır deyillər, ya da hansısa çirkli kapital sahibi olan oliqarxın və yaxud indiyədək ölkə içərisində şəbəkə qurmuş xarici gücün maraq təmsilçisidirlər.
Yeni qanun siyasi partiyaların fəaliyyətində şəffaflığı və açıqlığı təmin etməklə, eyni zamanda, onlara cəmiyyətin və dövlətin nəzarət imkanlarını artırır ki, bu da indiyədək qeyri-şəffaf və nizamsız fəaliyyət göstərənləri, missiyası yalnız dövlətə və ya hakimiyyətə qarşı hansısa güclərin əlində siyasi təzyiq aləti kimi çıxış etmək olanları qane etmir.
Mən əminəm ki, yeni qanun, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizliyinə siyasi partiyalar vasitəsiylə müdaxilə imkanlarının qarşısını kəsməklə, siyasi partiyaların fəaliyyətinin şəffaflaşdırılmasına, eyni sosial bazanı və ideyanı bölüşən sağlam təşkilatların təmərküzləşməsinə, məsuliyyət, güc və nüfuzlarının artmasına, çevik siyasi institutlar kimi ölkənin siyasi həyatında aktiv və effektiv iştiraklarına gətirib çıxaracaq.
Özünə və gücünə əmin olanlar, dövlətinin uğuru naminə sağlam birliklərin yaranmasını istəyənlər, yersiz iddiasının əsirinə çevrilməyənlər bu qanundan qorxmurlar! Müxalifət çətiri altında “kol dibində gizlənərək” hansısa “x” gününü və ya ekstremal şəraiti gözləyənlərə isə, əlbəttə, bu qanun onları əzməyə gələn tank tırtıllarının səslərini xatırladacaq!
Elxan Şükürlü yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki