image-reklam-veteninfo
image-2backend

“Böyük Qayıdış” Azərbaycanın gücünə güc qatacaq

image-reklam-veteninfo

2020-ci ildə cəsur və yenilməz Vətən oğullarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının parlaq Zəfəri ilə sona çatdı. 30 ildən artıq düşmən tapdağı altında inləyən torpaqlarımız işğaldan azad edildi. Xalqımızın torpaq həsrəti, yurd nisgili qurub yaratmaq həvəsi, istəyi ilə əvəzləndi. Bununla da Qarabağdan, Şərqi Zəngəzurdan olan keçmiş məcburi köçkün vətəndaşlarımızın tarixi ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan yarandı.

Bu gün dövlətimizin “Böyük Qayıdış” Milli Proqramı ölkə başçımızın və Azərbaycan hökumətinin əsas prioritetlərindəndir. Proqramın uğurla icrası istiqamətində işlər sürətlə gedir. Şərqi Zəngəzurda, Qarabağda genişmiqyaslı layihələr həyata keçirilir, infrastruktur qurulur, yeni kəndlər, şəhərlər salınır. Hələ 31 iyul 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdi. Bu gün “Böyük Qayıdış” proqramının icrasının mərhələləri üzrə  Laçına, Ağalıya, Zabuxa və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Şərqi Zəngəzurla paralel olaraq Qarabağa qayıdış da uğurla davam edir. Azərbaycan Respublikasının bütün ərazilərində suveren hüquqlarını ilk dəfə bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ilində Xankəndində üçrəngli, ay ulduzlu bayrağımızı qaldırması kimi böyük tarixi hadisə, Ulu Öndər Heydər Əliyevin İlham Əliyevə özü qədər inanmasında və xalqımızın ona böyük etimad göstərməsində heç də yanılmadığını sübut etdi.

Müzəffər Ali Baş Komandan indi də azadlığına qovuşmuş torpaqlarımızda gedən quruculuq işlərinə öndərlik edir. Ölkə başçımız möhtərəm Prezident İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş bölgələırimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur.

Sözsüz ki, Qarabağa qayıdış planının ən vacib istiqaməti Füzuli şəhərinə qayıdışdan keçir. Azərbaycan Prezidenti İlham Əliyevin səfəri 2023-cü ildə Füzuli şəhərinə reallaşdı. Dövlət başçımız Füzulinin işğaldan azad olmasının 3-cü ilində, oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə iştirak etdi və Füzuli rayonuna yeni köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi şəkildə görüşdü. Ölkə başçısı işğaldan azad olunmuş rayonlarımızın, həmçinin Fizuli rayonunun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edən, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə hesablanan “Böyük Qayıdış” proqramının icrası ilə yerində tanış oldu. Dövlətimizin başçısının “Füzuli Şəhəri Günü” tədbirində iştirak etməsi Fizuli sakinləri üçün əsl bayram abu-havası yaratmışdı. Cənab Prezident Fizuli sakinləri ilə görüşəndə sevinc hisslərini bölüşərək qeyd etdi: “Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi”.

Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu bir çox beynəlxalq ekspertlər də təsdiq edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib, Ağdamda və Zəngilanda şəhərsalma layihələrimiz təqdim edilib.

Bütün bərpa ediləcək şəhərlərimiz, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur.

Azərbaycan əsgərinin qələbəsini xalqımızın torpaq sevgisi, onun əsl sakinlərinin işğaldan azad olmuş ərazilərdə qurub-yaratmaq eşqi möhkəmləndirir. Bu mənada Füzulilər doğma dədə-baba yurdlarına böyük həvəslə qayıdırlar. “Böyük Qayıdış” proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Onların rahat yaşaması üçün ən yaxşı şərait yaradılıb. Yüksək zövqlə və müasir mühədis tələblərinə cavab verən tikililər Fizuliyə köçən sakinlərin rahat yaşaması üçün düşünülüb.

Bu gün bütün işğaldan azad olan ərazilərimiz, o cümlədən Fizuli yenidən qurulur. 17 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Fizuli şəhərinə səfəri çərçivəsində inzibati binanın, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, Qoçəhmədli, Cuvarlı kəndlərinin təməlini qoydu. Aylar ötdükcə burada yaşayanların sayı da təbii ki, artacaq.

Ölkə rəhbərinin qeyd etdiyi kimi dövlətimizin əsas məqsədlərindən biri bu ərazilərdə qayıdan sakinlərin məşğulluğunun təmin olunmasıdır. Ümumilikdə götürdükdə Azərbaycan Respublikasında məşğulluq və özünüməşğulluq proqramları böyük uğurla icra edilir. Bunun üçün ciddi tədbirlər görülür. Bu proqramlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da eyni uğurla icra ediləcək. Qarabağ iqtisadi zonasının, həmçinin Fizuli rayonunun özünəməxsus məşğulluq imkanları var. Fizulidə ənənəvi kənd təssərüfatı ilə məşğulluq ön plana çıxır. Dövlətimiz məşğul olacaq vətəndaşlara texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə yardım edəcək.

Doğurdan da, 30 ildən artıq ölkə iqtisadiyyatından ayrı düşmüş işğal edilmiş ərazilərimizin, o cümlədən Fizuli rayonunun “Böyük Qayıdış” proqramı ilə məskunlaşdırılması, təssərüfat quruculuğu ilə iqtisadi yüksəlişi iqtisadiyyatımızın, bütünlükdə isə böyük mənada Azərbaycanımızın gücünə güc qatacaq.

İstər Füzuli rayonunda, istərsə də işğaldan azad edilmiş digər ərazilərimizdə vandal ermənilər tərəfindən törədilmiş dəhşətli dağıntılar da diqqətdən kənarda qalmamalıdır. Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərimiz və daha neçə-neçə yaşayış məntəqələrimiz vəhşi düşmən tərəfindən tamamilə dağıdılmış və yer üzündən silinmişdir. Artıq dünya ictimaiyyəti erməni vəhşiliyinin mahiyyətini görməkdədir. Azərbaycan xalqı isə qurub yaratmaq istəyi ilə alışıb yanır. İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Şuşamız, Ağdamımız, Laçınımız bir sözlə dağıdılmış, vandal düşmən tərəfindən yer üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir. Bütün bunlar Azərbaycan Respublikasının öz imkanları hesabına edilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində bu bərpa işlərinə kifayət qədər vəsait ayrılmışdır. Biz Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi ilə, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura qayıdırıq və o diyarları cənnət məkana çevirəcəyik.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki