image-1backend

Böyük tarixi əhəmiyyət daşıyıyan seçki

image-reklam_sirab_01

Son illər Azərbaycanın ictimai-siyasi həyatına xüsusilə yazılan tarixi günlərdən daha birini yaşadıq. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi”.
Bu mərasimin ona görə tarixi əhəmiyyət var idi ki, bu dəfə ölkə prezidenti bütün ölkə ərazisində keçirilən seçkilər nəticəsində seçilmişdi: “Bu, da “Sözümüz imzamızdır” deyən Prezident İlham Əliyevin verdiyi sözə əməl etməsinin nəticəsində baş verirdi. 2003-cü ildə ilk dəfə prezident seçiləndə İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi. Bundan sonra 2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. İki ildən sonra Vətən müharibəsində tarixi Qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbə və 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa edildi.
Cənab Prezidentin çıxışında bildirdiyi kimi: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi”.
Fevralın 7-də müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçirildi. Bu seçkilər günü daha bir tarixi məqama şahidlik etdik. Cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. Bu, sıradan bir hadisə deyildi.
Prezident İlham Əliyev bununla bağlı qeyd etdi: “Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə səs verdiyim binada xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz səs verdiyim binanın önündə yerləşən meydanda erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Məhz o binada Qarabağı Azərbaycandan ayırmaq üçün hələ sovet dövründə xüsusi komitə yerləşdirilmişdi və o komitənin əsas məqsədi Qarabağı Azərbaycandan ayırmaq idi, bunu hər kəs bilir. Ona görə məhz orada otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan o məkanı qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər, təbii ki, məcburən. Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
Prezident o binada səs verməklə həm Ermənistana, həm də onun xarici havadarlarına mesaj vermiş oldu – Bu torpaqların gerçək sahibləri bizlərik və bu dünya durduqca belə olacaq.

Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki