Müharibə illərində Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan resursları faşizmə qarşı mübarizəyə səfərbər olmuşdu. Bakı neftçilərinin qəhrəmanlıq səyləri sayəsində hər 5 təyyarədən, tankdan, avtomobildən 4-ü Abşeron yarımadasının mədənlərindən çıxarılan neftlə Bakıda emal olunan benzin və dizel ilə doldurulurdu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Azərbaycan xalqı İkinci Dünya Müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-45-ci illərdə Respublikanın 600000-dən çox oğlan və qızları cəbhəyə getmişdir”.
İkinci Dünya Müharibəsindən SSRİ-nin qalib çıxmasında, bu qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük rolu olub. Lakin qazanılmış qələbədə Azərbaycanın payı barədə bu yaxınlara qədər danışılanda yalnız cəbhəyə neft və neft məhsulları göndərilməsi, Azərbaycanın döyüşlərdə şücaətlə vuruşması xatırlanırdı. Qazanılmış qələbədə Azərbaycanın digər xidmətləri isə diqqətdən kənarda qalırdı. Halbuki bu xidmətlərin miqyası ölçüyəgəlməzdir.
1942-ci ildən başlayaraq ABŞ-dan “Lend-Liz” əsasında Amerikada tədarük olunan silahlar, tanklar, partlayıcı və kimyəvi maddələr, qara və rəngli metallar, ərzaq məhsulları və bir çox digər məmulatlar Xəzər dənizindəki İran limanlarına göndərilirdi. Xəzər donanmasının dənizçiləri həmin yüklərin təyinat məntəqələrinə çatdırılmasını dəqiq və təhlükəsiz həyata keçirirdilər.
İkinci Dünya Müharibəsi illərində Azərbaycan xalqı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” prinsipi ilə yaşayıb-işləyib. Azərbaycan bu vəzifələrin öhdəsindən şərəflə gəlmişdi. O zaman istər-istəməz belə bir sual yaranır: Azərbaycan neftçilərinin və ümumiyyətlə bütün arxa cəbhənin titanik zəhməti olmasaydı, anti-hitler koalisiyasının müttəfiqləri tərəfindən göndərilən yüklərin Azərbaycanda qəbulu və çatdırılması üzrə işlər dəqiq, operativ təşkil edilməsəydi, döyüşlərin getdiyi cəbhədə hərbi əməliyyatlar necə cərəyan edərdi?
Tarixə səyahət edəndə bir daha şahidi olursan ki, heç bir müharibə qansız, itkisiz ötüşməyib, həmişə dağıntılar və faciələrlə müşayiət olunub. Xüsusilə də müharibə vətən uğrunda aparılanda işğalçıya qarşı savaş daha fərqli olur. İkinci Dünya Müharibəsi illərində insanlar hər şey vətən üçün, hər şey cəbhə üçün, vətən naminə yaşayır və işləyirdilər. Tarix dəfələrlə sübut edib ki, doğma torpaq, vətən uğrunda canını fəda edib, dövlət və xalq qarşısında öz borcunu sonadək yerinə yetirmək, qəhrəmanlıq nümunəsi göstərmək, milyonlarla insanın sevgisini, rəğbətini qazanmaq hər bir vətənpərvər insanın arzusu olub və bu gün də belədir.
Bakıda müharibənin ilk günündən cəbhəni vaxtlı-vaxtında neft məhsulları ilə təmin etmək üzrə aparılan işlər daha da genişlənirdi. Neftçilər sözün əsl mənasında möcüzələr yaradırdı. Azərbaycan neftçilərinin qarşısında duran ən vacib vəzifələrdən biri də neft hasilatının səviyyəsini qoruyub-saxlamaq idi. 1941-ci ildə kəşfiyyat işlərinin həcmi Azərbaycan neft sənayesi tarixində özünün ən yüksək göstəricisinə – 43274 tona çatdırıldı. Böyük qələbətə neft Bakısının töhfəsi əvəzsizdir. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü. Ümummilli lider Heydər Əliyev bu barədə öz nitqində deyirdi: “Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi”.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru