Bu il fevralın 26-da Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalıda rayon sakinləri ilə birgə soyqırımı qurbanlarının xatirəsini yad etdi. Ölkə Prezidentinin 32 ildən sonra Xocalıda soyqrımı qurbanlarının xatirəsini yad etməsi bir daha tarixi ədalətin bərpa olunduğunu nümayiş etdirdi. Otuz iki il öncə fevral ayının 25-dən 26-na keçən gecə erməni qəsbkarları insanlığa qarşı tarixdə görülməmiş qanlı cinayət törətdilər, 613 soydaşımız vəhşicəsinə qətlə yetirildi, 150 nəfərin taleyindən bu gün də xəbər yoxdur, 1000-ə qədər soydaşımız isə girov götürüldü. Bu qanlı cinayət 2020-ci ilə qədər cəzasız qaldı. 2023-cü ildə isə Xocalını azad etdik, bununla da düşmənə tam layiq olduğu cəza verilmiş oldu. Xocalı qətliamında əli olanlar bu gün Azərbaycan ədalət məhkəməsi qarşısında cavab verirlər. Digər canilər də mütləq şəkildə Azərbaycanın gücü və iradəsi qarşısında diz çökəcəklər.
Biz böyük səbr və ümidlə bu günü 32 il gözlədik. Ölkə başçısı Xocalı sakinləri ilə görüşü zamanı vurğuladı ki, ötən illər ərzində çox böyük işlər görüldü və ərazilərimizi işğaldan azad etdik. 2023-cü ilin sentyabrında isə Xankəndi, Xocalı və digər ətraf rayonlarımızı da separatçılardan azad etdik.
Dövlət başçısı bildirdi ki, 26 fevral tarixi 300 il keçsə də unudulmayacaq, o tarix bizdə hər zaman qəzəb hissi oyadacaq, çünki ermənilər tərəfindən xalqımıza qarşı törədilən bu qanlı cinayət xalqımızın qan yaddaşında əbədi olaraq qalacaq. Amma 20 sentyabr tarixinin şanlı bir gün olaraq qeyd olunacağını da ölkə Prezidenti qeyd etdi. Bunun xüsusilə də xocalılar üçün bir bayram günü olduğu da dövlət rəhbəri tərəfindən vurğulandı. Ermənistana sərt xəbərdarlıq da Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər içərisində yer aldı. Ölkə Prezidenti Ermənistana növbəti dəfə çağırış etdi ki, Azərbaycanın bütün şərtlərini qəbul edərək, sülh imzalanması Ermənistan üçün yeganə yoldur. Həqiqətən də, Ermənistan keçmiş münaqişə vəziyyətində yalnız manipulyasiyalarla məşğul oldu. Ermənistan düşünürdü ki, Azərbaycan torpaqlarını əbədi işğal altında saxlaya biləcək. Amma bu baş vermədi və Azərbaycan Prezidentinin hər zaman səsləndirdiyi kimi nəticəsiz danışıqları sonsuzluğa qədər davam etdirmədik, hərbi yolla torpaqlarımızı işğaldan azad etdik.
2020-ci ildən 2023-cü ilə qədər də Azərbaycan Prezidenti ermənilərə çağırış edirdi. Amma bütün bu çağırışlara qarşı tərəfdən reaksiya gəlmirdi. Azərbaycan isə öz gücünü yenidən göstərdi və anti-terror tədbirləri nəticəsində bütün ərazilərimizdə suverenliyimiz təmin edildi. Həm Ermənistan, həm də onu dəstəkləyənlər aydın gördülər ki, Azərbaycanla zarafat etmək çox ağır başa gəlir. Ölkə Prezidenti Xocalıda nitqi zamanı bir çox məqamlara toxundu və bir daha vurğuladı ki, işğaldan azad edilmiş ərazilərimiz sürətlə bərpa olunur. Bu il ərzində 20 yaşayış məntəqəsində məskunlaşma həyata keçiriləcək. “Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”-deyə cənab Prezident bildirib.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası