“Yüksək keyfiyyətli buğda istehsalına nail olmaq üçün ilk növbədə seleksiya işləri müasir dövrün tələblərinə uyğun qurulmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Azərbaycanda yüksək keyfiyyətli buğda istehsalına nail olmaq üçün hansı addımların atılmasın vacibliyindən danışarkən deyib. Ekspert qeyd edir ki, ölkəmizin münbit torpaq-iqlim şəraiti əslində keyfiyyətli buğda istehsal etməyə imkan verir:
“Azərbaycan keyfiyyətli buğda istehsal edə bilər. Bunun üçün münbit torpaq-iqlim şəraiti var. Azərbaycan yerli şəraitə uyğun yeni buğda sortları yetişdirməlidir. Fermerlərin suvarma suyuna olan tələbatı davamlı ödənilməlidir. İndiki halda bunun əksi baş verir. Suvarma normal olmayanda, bitki normal qidalanmır, fotosintez prosesi normal getmir.
Zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması üçün keyfiyyətli məhlullardan istifadə edilməlidir. Hazırda bu bəzi “işbazlar”ın əlindədir ki, onlar da aşağı keyfiyyətli məhsul sifariş edir. Digər tərəfdən, əldə olunan məhsulun təmizlənməsi, çeşidlənməsi, siniflərə ayrılması, saxlanması üçün müasir dövrün tələblərinə cavab verən anbarlar olmalıdır. Bu işlər görülərsə, Azərbaycan fermerləri lazım olan səviyyədə yüksək keyfiyyətli buğda istehsal edə bilərlər”.
Ekspertin bildirib ki, sadaladığı problemlərin həlli fonunda Azərbaycan 3 milyon tondan çox keyfiyyətli buğda istehsal edib, onun bir hissəsini hətta ixraca yönəldə bilər:
“Azərbaycanın potensialı böyükdür. 1 milyon hektarda taxıl əkini həyata keçirilir ki, onun da 650 min hektarı buğda sahəsidir. Bu qədər sahədən Azərbaycan hər hektara 50 sentner məhsul əldə edərsə, 3 milyon tondan çox keyfiyyətli buğda istehsal etmək mümkündür. Bunun da 2 milyon tonu yerli istehlak üçün kifayətdir. Deməli, 1 milyon ton keyfiyyətli buğdanı da ixrac edə bilərik”.