image-4backend

Daşkəsən şəhərində yeni inşa olunmuş 360 şagird yerlik tam orta məktəbin açılışı oldu

image-reklam_sirab_01

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 iyul 2023-cü il tarixli sərəncamına əsasən Daşkəsən şəhərində yeni inşa olunmuş 360 şagird yerlik tam orta məktəbin açılışı olmuşdur.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllimləri və şagirdlər iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra Daşkəsən şəhər Anar Mürsəlov adına 2 nömrəli tam orta məktəbin qarşısında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılış mərasimi keçirilmişdir. Məktəbin direktoru Aybəniz Vəliyeva və şəhid Anar Mürsəlovun anası, Şəhid anaları Xeyriyyə Cəmiyyətinin sədri Qızbəs Abbasova “Bilik günü” münasibətilə pedaqoji kollektivi və şagirdləri təbrik etmişlər, yeni məktəbin tikintisinə görə ölkə başçısı cənab İlham Əliyevə dərin minntədarlıqlarını bildirmişlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov tədbir iştirakçılarını salamladıqdan sonra çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Daşkəsən şəhərində yeni inşa olunmuş 360 şagird yerlik tam orta məktəbin “Bilik günü” ərəfəsində istifadəyə verilməsini məktəbin müəllim və şagird kollektivinə ən gözəl hədiyyə kimi qiymətləndirmişdir.

V.Məmmədov qeyd etmişdir ki, şəhid Anar Mürsəlovun adını daşıyan məktəbin bu yeni binasının inşası bir daha təsdiqləyir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində ölkəmizdə təhsil islahatları uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
Yeni məktəb doğrudan da müasirliyi ilə göz oxşayır. Bütün lazımi şərait yaradılıb, müasir avadanlıqlarla təchiz edilib. Məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Müəllimlər üçün böyük çətinliklər var idi, uşaqlar təmirsiz, yararsız vəziyyətdə olan məktəbdə oxuyurdular. Bu gün yeni məktəbdə yüksək səviyyəli şərait yaradıb. Amma əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, gərək təhsilin səviyyəsi də yüksək olsun və burada oxuyan şagirdlər gələcək həyatlarında layiqli yer tuta bilmələri üçün dərslərinə daha da məsuliyyətlə yanaşsınlar.
O, çıxışında vurğulamışdır ki, yeni məktəb şagirdlərin uğurlarının daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda təhsil alacaq, müəllimlər isə müasir şəraitdə şagirdlərə dərs deyə biləcəklər.

Vüqar Məmmədov tədbir iştirakçılarını gözəl gün münasibətilə ürəkdən təbrik etmiş, yeni məktəbin tikintisinə görə öz adından və bütün rayon ictimaiyyəti adından ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.

Sonra Elm və Təhsil nazirinin müavini Həsən Həsənli “Bilik günü” və yeni inşa olunmuş məktəbin açılışı münasibətilə məktəbin bütün kollektivini və şagirdləri təbrik etmişdir. Tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü il Heydər Əliyev ili elan olunmuşdur. Builki tədris ilinin ilk dərs məşğələsi “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunmuşdur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Nazir müavini Həsən Həsənli yeni tədris ilində işğaldan azad olunan Zəngilan, Füzuli, Laçın rayonlarında və digər ərazilərdə uzun illərdən sonra bu gün ilk dəfə dərslərin keçirilməsini çox böyük tarixi hadisə kimi qiymətləndirmiş, həmin məktəblərdə təhsil alacaq şagirdləri də təbrik edərək gələcəkdə xalqına millətinə gərəkli vətəndaş olmalarını diləmişdir.

Sonra tədbir iştirakçıları məktəbin sinif otaqlarına, fənn kabinetlərinə, idman zalı və konfrans otağına ümumi baxış keçirilmiş, yaradılmış şərait və avadanlıqlarla tanış olmuşlar.
Tədbirin sonunda məktəb kollektivi ilə birlikdə xatirə şəkli çəkilmişdir.

image-1 image-2 image-3 image-4


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki