image-1backend

Dayanıqlı gələcək naminə

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir”

Azərbaycanda tarixən tolerant mühit hökm sürüb. Bütün dinlərin və xalqların nümayəndələri ölkəmizdə dinc şəraitdə bir ailə kimi yaşayıblar. Azərbaycan hər zaman mədəniyyətlər və dinlərarası dialoqa töhfə verir. Əsrlərdir ölkəmizdə müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayırlar. Mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da bu kimi aktual mövzular müzakirə edilib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Forumda bir çox ölkədən xeyli sayda nüfuzlu qonağın, eləcə də BMT və digər beynəlxalq təşkilatların, onların müxtəlif qurumlarının nümayəndələrinin iştirak etməsi tədbirə dünya səviyyəsində marağın göstəricisidir. Bunu Prezident İlham Əliyev Forumun açılış mərasimində xüsusi qeyd edib. Dövlətimizin başçısı  nitqində  Azərbaycandakı tolerantlıq mühiti haqqında ətraflı danışıb: “Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”. Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

Forum iştirakçıları Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri təşkili edilib. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaları keçirilib. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir. Hətta Ağdamda tədbirin müsəlman ölkələrindən qatılan bəzi nümayəndələri Cümə məscidində namaz qılıblar. Qeyd edək ki, forum çərçivəsində müxtəlif ölkələrin dini liderlərinin Şuşa bəyannnaməsi qəbul edilib. Sənəddə dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olması, habelə iqlim dəyişikliyi ilə əlaqədar yaranmış problemlərin həllində dinlərin potensialından daha səmərəli şəkildə faydalanmağa çağrış edilib.

Forumda COP29-la da bağlı önəmli mesajlar verilib. Hazırda COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər Azərbaycanın aidiyyəti qurumları tərəfindən plana uyğun davam etdirilir. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır. “Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Azərbaycan indi öz rolunu körpülərin salınmasında görür”, – deyə cənab Prezident forumda vurğulayıb.  Azərbaycan tərəfindən bir sıra beynəlxalq təşkilatlar, xüsusən BMT, o cümlədən BMT-nin müxtəlif qurumları arasında səmərəli əməkdaşlıq həyata keçirilir. COP29-ın Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. COP29 çərçivəsində ölkəmiz BMT ilə daha da sıx əməkdaşlıq edir. Tədbirdə dünya liderləri iştirak edəcək. Artıq Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dövlət və hökumət başçılarına ünvanlanmış dəvət məktubları BMT-dəki daimi nümayəndəliklərə çatdırılıb. Ümid edirik ki, BMT Baş katibi də COP29-da iştirak edəcək. Bu, əlbəttə ki, Azərbaycan dövləti və xalqında çox böyük məmnunluq yaradacaq.

Müxtəlif mədəniyyətlər və dinlərarası əlaqələrin qurulmasında bu forumun xüsusi rolu var. Daha güclü və dayanıqlı gələcək üçün qlobal olaraq strategiyalar dəyişir. İndi hətta çalışılır ki, iqlim dəyişikliyi məsələlərinin həllində mədəniyyət önəmli yer tutsun. Bu forumun da əsas məqsdələrindən biri də elə budur: yeni tendensiya və çağrışlara mədəniyyətlərarası dialoqla nail olmaq. Dövlətimizin başçısının bildirdiyi kimi mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir: “Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər”. Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq dialoq sahəsində mühüm platformalardan birinə çevrilib. Bu tədbirlə Azərbaycan beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun genişləndirilməsi işinə daha bir töhfə vermiş olub.

 

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki