Vətəninfo.az xəbər verir ki, MHP sədri Dövlət Bağçalı Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin siyasi inkişaflardan çox kənarda, ortaq yaddaşa və könül bağına əsaslandığını bildirib.
MHP liderinin yazılı açıqlamasında deyilir ki, Egey dənizindən Xəzərə, Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir: “Müdafiə sənayesi, texnologiya, təhsil, elm və mədəniyyət başda olmaqla bir çox sahədə əməkdaşlıq imkanlarının artması türk dövlətləri arasındakı münasibətlərin çoxşaxəli bir struktur qazandığını göstərir. Bununla birlikdə Türk Dövlətləri Təşkilatı daxilindəki münasibətlərin əsasında hər bir üzv dövlətin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və öz daxili hüququna hörmət prinsipi dayanır. Hər bir Türk Cümhuriyyəti öz içində müstəqil və suveren bir dövlətdir. Türk dövlətləri arasındakı əməkdaşlıq bu suverenlik anlayışını əsas götürür; qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf edir. Egey dənizindən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir. İki ölkə arasındakı qardaşlıq hüququna xələl gətirməyə yönəlmiş hər cür yanaşma qarşısında təmkin, qarşılıqlı anlayış və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır.”.Dövlət Baxçalı açıqlamasında qeyd edir ki,Türkiyənin Türk Dövlətləri Təşkilatının sədrliyini öz üzərinə götürəcək olması da bu inkişafların ortaya çıxardığı mühüm məsuliyyət və fürsətdir: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi inkişafların ötəsində xalqlarımızın ortaq yaddaşına və könül bağına əsaslanır. Bu baxımdan Qarabağ Zəfərinin Baş Komandanı Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın zirvədə həyata keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha ortaya qoyacağına inanırıq. Oktyabr ayının son həftəsində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvəsi bu baxımdan tarixi əhəmiyyət daşıyır. Zirvədə sədrliyin Azərbaycandan Türkiyəyə keçməsi ilə birlikdə Türkiyə türk dünyasının ortaq hədəflərinin həyata keçirilməsinə istiqamətində mühüm bir məsuliyyət öz üzərinə götürəcəkdir. Türkiyə tarixi birikimi, dövlət təcrübəsi, iqtisadi potensialı, diplomatik gücü və türk dünyası ilə qurduğu güclü əlaqələr sayəsində Təşkilatın inkişafında mühüm mövqeyə malikdir. Sədrliyi dövründə Türkiyənin qarşısında hərtərəfli fəaliyyət gündəliyi dayanır. Nazirliklər, dövlət qurumları, universitetlər, yerli özünüidarəetmə orqanları, peşə təşkilatları və qeyri-hökumət təşkilatları öz vəzifə sahələrində Türk Dövlətləri Təşkilatının 2040 Vizyon Sənədinə uyğun olaraq konkret, qalıcı və nəticəyönümlü layihələr hazırlamalılardır. İsmayıl Qaspıralının ortaya qoyduğu “Dildə, fikirdə, işdə birlik” anlayışı, bu gün türk dövlətləri arasındakı münasibətlərin dövrün şərtlərinə uyğun biçimdə inkişaf etdirilməsi baxımından yolgöstərici xüsusiyyətini qoruyub saxlayır. Bu çərçivədə təhsil, mədəniyyət, iqtisadiyyat, elm və texnologiya sahələrində əməkdaşlıq mexanizmləri gücləndirilməli; Türkiyənin bilik bazası və institusional potensialı türk dünyasının ortaq inkişaf hədəfləri doğrultusunda dəyərləndirilməlidir. Türk dünyasının sahib olduğu potensial dövlətlərimizin mövcud imkanlarının cəmindən daha böyük bir məna daşıyır. Bu potensialın gerçək bir gücə çevrilməsi ortaq ağıl, güclü koordinasiya, qarşılıqlı hörmət, suverenliklərə riayət və uzunmüddətli bir baxışla mümkündür. Türkiyənin sədrliyi də bu anlayışın konkret nəticələrə çevrildiyi bir dövr olmalıdır. İstiqamətimiz bəllidir: Başda Azərbaycan olmaqla türk dünyası arasındakı qardaşlıq hüququnu və könül bağını zədələyəcək heç bir fitnə toxumunun aramıza əkilməsinə icazə vermədən, türk respublikalarının suverenlik və müstəqilliklərinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin bizə yüklədiyi məsuliyyət şüuru ilə ortaq gələcəyimizi qurmaq, Türk və Türkiyə Əsri hədəfini türk dünyasının yüksəlişi ilə qovuşdurmaqdır. Türkiyə, Türk Dövlətləri Təşkilatının sədrliyi müddətində tarixindən aldığı güc, dövlət təcrübəsi və gələcək vizyonu ilə türk dünyasının birlik, həmrəylik və yüksəliş hədəflərinə töhfə verməyə davam edəcəkdir.”


























