image-reklam-veteninfo
image-1backend

Dünyanın böyük şəhərlərində torpaq çökür – 107 ölkə üzrə araşdırma

image-reklam-veteninfo

Dünyanın böyük şəhərlərinin bir hissəsində torpaq səthinin sürətlə çökməsi müşahidə olunur.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Nature Cities” jurnalında dərc olunan araşdırmada məlumat verilib. Alimlər 107 ölkədə yerləşən 465 şəhərin 2014–2023-cü illər üzrə peyk məlumatlarını təhlil ediblər.

Araşdırmaya əsasən, ən yüksək lokal torpaq çökməsi Meksikanın paytaxtı Mexiko şəhərində qeydə alınıb. Şəhərin bəzi ərazilərində torpaq səthi ildə təxminən 21,7 santimetr çökür. Bununla belə, şəhər üzrə orta göstərici ildə təxminən 8 millimetr təşkil edir.

Asiyada da yüksək göstəricilər müəyyən edilib. İndoneziyanın Medan şəhərində orta torpaq çökməsi ildə təxminən 33 millimetr, Bandunqda 22 millimetr, İranın İsfahan şəhərində isə 11 millimetrdir. Meksikanın Torreon şəhərində bu göstərici ildə təxminən 17 millimetr təşkil edir.

Torpağın çökməsi binalara və onların təməllərinə zərər vura, drenaj və kanalizasiya sistemlərinin fəaliyyətini poza, həmçinin daşqın riskini artıra bilər.

Araşdırmada Boston, Nyu-York, London, Pekin, Tokio, Seul, Sidney, Montevideo və Neapol kimi şəhərlərdə isə torpaq səthinin ümumilikdə daha sabit olduğu müəyyənləşdirilib. Bu şəhərlərdə torpaq səthinin çökməsi və ya qalxması ilə bağlı göstəricilər ildə 0,1–1,9 millimetr arasında dəyişir.

Alimlər bildirirlər ki, torpaq çökməsinin miqyası eyni şəhərin müxtəlif ərazilərində belə ciddi fərqlənə bilər. Onların fikrincə, əlavə monitorinq riskli zonaların müəyyənləşdirilməsi və şəhər infrastrukturunun qorunması üçün vacibdir.

Tədqiqatçılar həmçinin qeyd ediblər ki, araşdırmanın doqquz illik dövrü əhatə etməsi və yalnız böyük şəhərlərdəki yerli torpaq hərəkətlərinə fokuslanması müəyyən məhdudiyyətlər yaradır. Ölçmə stansiyalarının az olduğu ərazilərdə nəticələrin qeyri-müəyyənliyi də daha yüksək ola bilər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki