“2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxt ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.
Bu barədə Vətəninfo.az-a Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərində keçiriləcək “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sentyabr ayının 13-dən 15-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.
Eyni zamanda paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur.