Rusiya istehsalı olan pilotsuz uçuş aparatları, o cümlədən “Geran-5” dronları davamlı olaraq modernləşdirilir. Təkmilləşdirmələr nəticəsində onların sürətinin və zərbə dəqiqliyinin artırıldığı bildirilir.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “National Defense” jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko açıqlama verib.
Onun sözlərinə görə, Rusiya istehsalı olan PUA-ların bütün xətti mütəmadi olaraq təkmilləşdirilir. Xüsusilə, dronlarda reaktiv mühərriklərdən istifadə onların sürətini artırır və Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilməsini çətinləşdirir.
Korotçenko iddia edib ki, bu proses nəticəsində Rusiya dronları Ukraynanın qərb bölgələri də daxil olmaqla, ölkə ərazisindəki müxtəlif hədəfləri vurmaq imkanına malikdir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin rabitə və pilotsuz sistemlər üzrə müşaviri Sergey Beskrestnov Rusiyanın “Geran-5” dronlarının saatda 1000 kilometr sürətə çata biləcəyini bildirmişdi. O, Ukraynanın PUA-ları ələ keçirmək üçün istifadə etdiyi texnologiyaların Rusiya dronlarının modernləşdirilməsi ilə ayaqlaşmaqda çətinlik çəkdiyini iddia etmişdi.


























