image-elmir-mehdiyevbackend

Ələt Azad İqtisadi Zonası qeyri-neft sektorunun inkişafına geniş imkanlar verəcək

image-reklam_sirab_01

Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Bu azad iqtisadi zonanın yaradılmasının əsas məqsədi Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalının təşkili, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması və əmək qabiliyyətli əhalinin məşğulluğunun artırılmasıdır.
Sözügedən Azad İqtisadi Zonanın məhz Ələt qəsəbəsində yaradılmasının başlıca səbəbləri aşağıdakılardır:
1. Ələt qəsəbəsinin ərazisində əksəriyyəti kənd təsərrüfatı üçün yararsız olan boş torpaq sahələrinin mövcudluğu və buna görə də bu torpaq sahələrindən səmərəli istifadə etmək;
2. Ələt Azad İqtisadi Zonasının yerləşdiyi mövqenin əlverişli olması, yəni, Bakı şəhərinə və Beynəlxalq Dəniz Limanına yaxın yerləşməsi;
3. Elektrik enerjisinə tələbatın yüksək səviyyədə ödənilməsi üçün Səngəçaldakı 300 MVt gücündə elektrik stansiyasının mövcud olması.
Yuxarıda qeyd olunan amillər Ələt Azad İqtisadi Zonasında infrastrukturun qurulması üçün çəkilən xərclərə nəzərəçarpacaq dərəcədə qənaət olunmasına gətirib çıxaracaq. Nəticədə, burada yaradılacaq infrastruktur həm yerli, həm də xarici investorlar üçün cəlbedici olacaqdır.
Ələt Azad İqtisadi Zonası burada fəaliyyət göstərən müəssisələr, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər üçün mənfəət vergisi, gəlir vergisi, əlavə dəyər vergisi, aksiz, əmlak vergisi, torpaq vergisi, mədən vergisi, yol vergisi və sadələşdirilmiş vergidən azadolma üstünlüklərini verəcəkdir.
Ələt Azad İqtisadi Zonasının ölkə iqtisadiyyatına daha çox fayda verəcəyi nəzərdə tutulur. Belə ki, bu iqtisadi zonada fəaliyyət göstərən sahibkarlar tərəfindən yeni texnologiyaların gətiriləcəyi, yeni iş yerlərinin yaradılacağı, rəqabətqabiliyyətli məhsulların istehsal ediləcəyi və nəticədə, qeyri-neft sektoruna aid məhsulların dünya bazarına çıxarılması imkanının genişlənəcəyi gözlənilir.
Beləliklə, Ələt Azad İqtisadi Zonasının yaradılması ilə daha çox yerli və xarici investorlar cəlb ediləcək, sahibkarlar müxtəlif vergi və gömrük rüsumları üzrə azadolmalardan faydalanacaq və nəticədə, ölkə iqtisadiyyatının davamlı inkişafı təmin ediləcəkdir.

Elmir Mehdiyev
İqtisadçı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki