Onlar barəsində Səbail Rayon Məhkəməsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
AXCP sədrinin dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlbir olduğu bildirilir.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib ki, AXCP sədri Əli Kərimlinin həbsindən sonra radikal müxalifətin təmsilçiləri sosial şəbəkələrdə yeni iftira kampaniyasına start veriblər:
“Bu adamlar, hər vəchlə çalışırlar ki, elan olunmuş ittihamın mahiyyətinə və istintaqın obyektivliyinə kölgə salsınlar. Nə qədər təzadlı görünsə də, eyni şəxslər Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı ittihamların obyektivliyini də şübhə altına alır, birbaşa və ya dolayı şəkildə onu da müdafiə edirlər. Sanki bu şəxslərin hamısı eyni siyasi düşərgənin təmsilçiləridir. Görünən mənzərə budur. Ona görə də təbii sual yaranır: görəsən, bu görüntünün və ortaq müdafiə taktikasının kökü haradan qaynaqlanır?
Əli Kərimlinin müdafiəçiləri ictimai rəyi çaşdırmaq məqsədilə iddia edirlər ki, o, siyasətə milli-azadlıq hərakatından gəldiyi üçün xarici dairələrə bağlı ola bilməz. Amma nədənsə unudurlar ki, Əli Kərimli başda olmaqla “Milli Şura”nın əksər üzvləri bütün çıxışlarında köməyi məhz xarici dairələrdən gözlədiklərini heç vaxt gizlətməyiblər. Nəinki gizlətməyiblər, hətta onlardan tələb ediblər ki, ölkəmizin ictimai-siyasi həyatına açıq şəkildə müdaxilə etsinlər. Yenə də öz etiraflarına görə, ölkəmizdəki diplomatik nümayəndəliklərin təmsilçiləri ilə görüşərkən onların qarşısında qaldırdıqları məsələlərdən biri də məhz bununla bağlı olub. Xarici dairələrin əlində alətə çevrilmək istəməyən, milli ideologiyaya və suveren dəyərlərə, həqiqətən, bağlı olan siyasətçi və ya siyasi düşərgə bu cür rüsvayçılığa yol verməməlidir”.

Deputat vurğulayıb ki, bunu özünə rəva görən siyasətçinin xarici aktorlardan asılı vəziyyətə düşə bilməsi perspektivini heç kim inkar edə bilməz:
“2013-cü ilin prezident seçkilərində “Milyarderlər İttifaqının”, onun törəməsi olan “Milli Şura”nın prezidentliyə ilk namizədinin hansı xarici ölkəyə bağlı olduğunu və Əli Kərimlinin bu siyasi konfiqurasiyada hansı rolu oynadığını cəmiyyətimiz bu gün də unutmayıb. “Milli Şura” ilə Ramiz Mehdiyevin “Dövlət Şurası” ideyası arasında böyük fərq yoxdur və onların hər ikisi eyni xarici ünvana bağlıdır.
İstintaq orqanı əldə etdiyi sübutları ictimailəşdirdikcə, irəli sürülən ittihamlara daha çox aydınlıq gələcək. AXCP və “Milli Şura”nın iftira və qarayaxma kampaniyasının yeganə məqsədi ictimai rəyi çaşdırmaq, istintaqa təzyiq göstərməkdir. Amma nə qədər çabalasalar da, nə ədalət mühakiməsinə, nə də ictimai rəyə təsir edə biləcəklər”.


























