Bu ilin oktyabr ayında Azərbaycanda yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
Bu barədə “Report”a Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyindən (AERA) bildirilib.
Məlumata görə, müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 20 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb, aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Həmçinin 43 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib və qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 285 olub.
Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 15 layihə sənədinin razılaşdırılmasından imtina olunub. Elektrik enerjisi şəbəkəsinə texniki sənədləşdirmə aparılmadan 3 qeyri-qanuni qoşulma faktı aşkar edilib. Bundan əlavə “Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 5 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, Agentlik 7 inzibati xəta haqqında protokol tərtib edib və 1 qərar verib.