Azərbaycan tərəfindən təhlükə mifini şişirdən Ermənistan bizim ərazi bütövlüyümüzə “de-fakto” qəsd etməkdə davam edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.
RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan ilə Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, müxtəlif vasitəçilərə münasibətdə yaranmış etimadsızlıq səbəbindən Bakı və İrəvan son zamanlar artıq öz konkret bəhrəsini verən ikitərəfli birbaşa təmaslar formatına üstünlük verirlər. Xüsusən, ötən ilin dekabrında hər iki tərəfdən saxlanılmış şəxslərin azad olunması üzrə tərəflərin əldə etdikləri razılaşmalara və Bakıda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq iqlim konfransı kontekstində qarşılıqlı diplomatik dəstəyə istinad edilir.
“Ermənistan və Azərbaycan artıq yetərincə yetkin dövlətlərdir, öz aralarında qalmış problemləri özləri həll etmək iqtidarındadır və bu istiqamətdə işlər tam sürətlə davam edir”, -deyə Elçin Əmirbəyov iri aktorların kənardan qərəzli müdaxiləsinin sülh sazişini iki əks blokun geosiyasi rəqabəti teatrında risk altında olduğu barədə hazırda gündəmdə olan fikirlərin fonunda vurğulayıb.
Ətraflı
Prezidentin köməkçisi bu kontekstdə Avropa diplomatiyasının başçısı Cozep Borrelin Azərbaycanın Ermənistana qarşı ərazi iddialarını ehtiva edən və Bakını İrəvanla substantiv danışıqlara çağıran bu yaxınlardakı bəyanatını “tamamilə cəfəng” adlandırıb.
Elçin Əmirbəyov qeyd edib: “Ermənistana guya ərazi iddialarımızla bağlı Azərbaycana qarşı irəli sürülən ittihamlar ağrımayan başa dəsmal bağlamaq kimi uğursuz və faydasız cəhddən başqa bir şey deyil. Ermənistanın indiki Konstitusiyasına və onun qondarma “Ermənistan SSR-nin Dağlıq Qarabağla yenidən birləşdirilməsi” haqqında özbaşına və tamamilə qeyri-qanuni qərarı təsbit edən bu ölkənin müstəqillik bəyannaməsinə dair istinadlara baxmaq kifayətdir”.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi sonda deyib: “Bu cür konkret faktlar çoxdur, ən azı Ermənistanın MDB-yə üzvlüyünün ratifikasiyası prosesində bu ölkənin parlamentinin qəbul etdiyi qərarları, Qarabağın Azərbaycana məxsus olmasını şübhə altına alan və ya 44 günlük müharibə bitdikdən sonra Ermənistanın Azərbaycana qarşı başlatdığı çoxsaylı məhkəmə iddialarını, ölkəmizə qarşı açıq ərazi iddiaları olan sənədləri göstərmək olar. Hələ mən Azərbaycanın Qarabağ bölgəsini tarixi Ermənistanın tərkib hissəsi kimi təqdim etməkdə davam edən Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytından danışmıram.
Biz yuxarıda qeyd etdiyimiz bütün narahatlıqlarımızı erməni tərəfinin diqqətinə dəfələrlə çatdırmışıq, lakin təəssüf ki, hələ də onların aradan qaldırılması üçün qarşı tərəfdən konkret addımlar atılmayıb. Ölkəmizə qarşı ərazi iddialarının qalması ilə paralel olaraq, Azərbaycandan gələn təhlükə barədə cəfəng şayiələrin qəsdən yayılması təkcə hiyləgərlik deyil, həm də sonu görünməyən bir yoldur”.