Sərhəddə atəşkəsin pozulması və bunun nəticəsində hərbçimizin yaralanması 19 sentyabr anti-terror olayından sonra ilk ciddi insidentdir. Bu təxribatla bağlı 3 mümkün ehtimal irəli sürmək olar. Birinci ehtimal odur ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb. İkinci ehtimal odur ki, bu təxribatın arxasında xarici güclər dayanır. Bu o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər. Üçüncü ehtimal odur ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir. İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu böyük toqquşmaya səbəb ola bilər. Bu Ermənistan üçün son dərəcə risqli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir. Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin sərhəddə azərbaycanlı hərbçinin yaralanması barədə məlumatı araşdırması da bundan xəbər verir, ayrı vaxt olsaydı, atəşkəsin pozulmasına görə Azərbaycanı ittiham edəcəkdilər. Ermənistan hərbi idarəsi isə “Ermənistan və Azərbaycan dövlət sərhədində erməni sərhədçiləri tərəfindən atəş açılması ilə bağlı Azərbaycan mətbuatında yayılan məlumatlar araşdırılır. Bu hal təsdiq olunarsa, məsuliyyət daşıyan şəxslər cəzalandırılacaq” məzmunlu bəyanat yaymaqla faktiki günahını etiraf etmiş olub.
Elxan Şahinoğlu
Politoloq