Ermənistanda Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyanın həbsindən sonra müxalif siyasi qüvvələr fəallaşıb. Bir neçə müxalif partiya və siyasi təşkilat, o cümlədən parlamentdə təmsil olunan iki siyasi qüvvə ümummilli konsolidasiya təşəbbüsü ilə çıxış edib.
Vətəninfo.az xəbər verir ki, 12 siyasi qüvvənin adından yayılan birgə bəyanatı “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan səsləndirib. Qeyd edək ki, bəyanatın səsləndirildiyi gün onun ofisində də axtarış aparılıb.
Narek Karapetyan bildirib ki, siyasi qüvvələr arasında bir sıra məsələlərə dair fərqli mövqelər olsa da, Ermənistanın qarşılaşdığı taleyüklü problemlərin ciddiliyi onları ümumi platforma ətrafında birləşməyə sövq edir.
Bəyanatda müxalif qüvvələrin əsas hədəfləri kimi aşağıdakılar göstərilib:
“Əliyev Konstitusiyası” adlandırılan sənədin Ermənistana məcburi şəkildə qəbul etdirilməsinin qarşısının alınması;
Birtərəfli güzəştlər və ərazi itkiləri olmadan sülhün əldə edilməsi;
Milli kimliyin və Erməni Apostol Kilsəsinin qorunması;
Demokratik hüquq və azadlıqların bərpası.
Bəyanat müəllifləri bütün siyasi qüvvələri, ictimai xadimləri və fəalları milli prioritetlər ətrafında birləşməyə, cəmiyyətdə ictimai həmrəylik və birlik mühitinin formalaşdırılmasına çağırıblar.
Beləliklə, Samvel Karapetyanın həbsindən sonra Ermənistanda müxalif düşərgənin vahid siyasi mövqe formalaşdırmaq cəhdləri diqqət çəkir. Bu təşəbbüsün ölkənin daxili siyasi proseslərinə və qarşıdakı siyasi mübarizəyə necə təsir edəcəyi isə hələlik açıq qalır.


























