Ukraynaya qarşı müharibədə həlak olan rus hərbçilərinin sayının 490 mini keçdiyi iddia olunur. Ölüm hallarının qeydiyyatında gecikmələr nəzərə alınarsa, real itkilərin 720 mindən çox ola biləcəyi bildirilir.
Vətəninfo.az xəbər verir ki, “Meduza” və “Mediazona” nəşrlərinin birgə araşdırmasına görə, Rosstatın haker hücumu nəticəsində əldə edildiyi bildirilən məxfi sənədlərindəki məlumatlar 2026-cı ilin sentyabr ayının sonunadək azı 490 min rus hərbçisinin öldüyünü göstərir.
Araşdırma zamanı hərbçilərin ölüm səbəbləri, hadisələrin baş verdiyi yerlər, hərbi xidmətlə bağlı məlumatlar və digər meyarlar təhlil edilib.
Tədqiqatçılar “Mediazona” və BBC Rus Xidmətinin birgə hazırladığı həlak olan rus hərbçilərinin siyahısında qeydə alınmış şəxslərin 95,1 faizinə dair məlumatları müəyyənləşdiriblər. Həlak olanların demək olar ki, hamısının kişi olduğu bildirilir.
Digər müstəqil media qurumları da bu istiqamətdə araşdırmalar aparıblar. “The Insider” nəşrinin hesablamalarına əsasən, müharibədə azı 472 min rus hərbçisi həyatını itirib. Ölüm hallarının qeydiyyatındakı gecikmələr nəzərə alınmaqla, bu rəqəmin sentyabrın sonuna qədər 485 minə çata biləcəyi ehtimal olunur. Nəşr, həmçinin həlak olmuş 370 mindən çox hərbçinin adını müəyyən edib.
“Novaya Gazeta Europe” nəşri isə Ukraynada 18-64 yaş aralığında təxminən 490 min Rusiya vətəndaşının öldürüldüyünü bildirir.
Qeyd edək ki, Rusiya rəsmiləri müharibədəki hərbi itkilərlə bağlı müntəzəm və ətraflı statistika açıqlamır. Buna görə də müstəqil media qurumlarının hesablamaları mövcud məlumatlar əsasında aparılan qiymətləndirmələr hesab olunur.


























