image-reklam-veteninfo
image-1backend

Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketini açıqlayıb: 60 banka məhdudiyyət qoyulur

image-reklam-veteninfo

Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiya paketinin əsas müddəalarını açıqlayıb. Yeni məhdudiyyətlər maliyyə, enerji, nəqliyyat, idman və digər sahələri əhatə edir.

Vətəninfo.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, yeni paket çərçivəsində təxminən 60 Rusiya bankının əməliyyatlarına qadağa qoyulması və onların SWIFT beynəlxalq ödəniş sistemindən tamamilə ayrılması nəzərdə tutulur.

Sanksiya paketinin əsas müddəaları aşağıdakılardır:

– Məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilən kriptovalyuta platformalarına və ödəniş şəbəkələrinə, o cümlədən üçüncü ölkələrdə fəaliyyət göstərən strukturlara qarşı tədbirlər sərtləşdiriləcək.
– Neft emalı zavodları da daxil olmaqla, Rusiyanın enerji infrastrukturunun tikintisi, istismarı və təmirində iştirak edən Avropa şirkətlərinə məhdudiyyətlər tətbiq olunacaq.
– Rusiyanın “kölgə donanması”na aid 70-dən çox gəminin sanksiya siyahısına daxil edilməsi, həmçinin Rusiyada sığortalanan bütün tankerlərə qadağa qoyulması təklif edilir.
– Ukraynadakı döyüşlərdə iştirak etmiş keçmiş və hazırkı Rusiya hərbçilərinin Avropa İttifaqına girişinə qadağa nəzərdə tutulur.
– Rusiyada şirkətlərin idarə heyətlərində vəzifə tutan Aİ vətəndaşlarına məhdudiyyətlər tətbiq ediləcək.
– Rusiya komandalarının və idmançılarının Aİ ərazisində keçirilən yarışlarda Rusiya bayrağı altında iştirakına, eləcə də rəsmi Rusiya simvollarının nümayişinə qadağa qoyulması təklif olunur.
– Rusiyalı sponsorların Avropanın idman və mədəniyyət təşkilatlarına maliyyə ayırmalarına, həmçinin Rusiya vətəndaşlarının Avropa idman federasiyalarında rəhbər vəzifələr tutmasına məhdudiyyətlər tətbiq ediləcək.

Yeni sanksiyalar Rusiyanın maliyyə və enerji sektorlarına təzyiqin artırılmasını, eləcə də Moskvanın mövcud məhdudiyyətlərdən yayınma imkanlarının daraldılmasını hədəfləyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki