ABŞ və İran arasında davam edən böhranın yaxın vaxtlarda həll olunacağına dair əlamətlər görünmür.
Vətəninfo.az xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp danışıqlar üçün qapını açıq saxlayır. Bununla belə, Vaşinqton müvəqqəti razılaşma deyil, İranın nüvə silahı əldə etməsi imkanını birdəfəlik aradan qaldıracaq uzunmüddətli sazişin əldə olunmasını istəyir.
Pakistan yaxın vaxtlarda razılaşma əldə ediləcəyinə dair nikbin mövqe sərgiləyib. İslamabad xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət Yaxın Şərqdə davam edən müharibəyə daha uzun müddət tab gətirə bilməz.
Bu arada, Tehranda hərbi qarşıdurmadan da ağır nəticələrə səbəb ola biləcək “səssiz iqtisadi müharibə”dən danışılır. İran diplomatiyaya qayıtmağın mümkünlüyünü qiymətləndirmək məqsədilə Qətər də daxil olmaqla, vasitəçilərlə təmaslarını davam etdirir.
Məlumatda, həmçinin İsrail və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) birgə hərbi planları təsdiqlədiyi bildirilir. ABŞ-nin dəniz blokadasının artıq 130 gündür davam etdiyi, İranın isə ticarət gəmilərinə və neft tankerlərinə hücumlarını artırdığı iddia olunur.


























