Avstraliyanın Cənubi Avstraliya ştatında ibtidai məktəblərdə planşet və noutbukların istifadəsinə məhdudiyyət qoyulacaq. Bundan əlavə, yuxarı sinif şagirdləri üçün həftədə bir günün ekransız keçirilməsi sınaqdan keçiriləcək.
Vətəninfo.az ABC News-a istinadən yaydığı məlumata görə, qərar uşaqların rəqəmsal cihazlardan istifadəsini azaltmaq və ənənəvi təhsil bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Qadağa 2027-ci ildən etibarən ştatın bütün dövlət ibtidai məktəblərində tətbiq olunacaq. Məhdudiyyət uşaq bağçasından ikinci sinfə qədər olan şagirdləri əhatə edəcək.
Üçüncü-altıncı sinif şagirdləri üçün isə həftədə bir ekransız günün tətbiqi altı ay müddətində 10 məktəbdə sınaqdan keçiriləcək. Əlilliyi olan və ya xüsusi təhsil ehtiyacları olan uşaqlar bu məhdudiyyətlərdən istisna ediləcək.
Ştat hakimiyyətinin qərarı əl yazısı bacarıqlarının inkişaf etdirilməsi ilə də əlaqələndirilir. Bu məqsədlə üçüncü və dördüncü sinif şagirdləri üçün ayrıca əl yazısı proqramının tətbiqi nəzərdə tutulur.
Bununla yanaşı, şagirdlərin şəxsi planşet və noutbuklarını məktəbə gətirməsi praktikasından mərhələli şəkildə imtina ediləcək. Şəxsi cihazlar məktəblər tərəfindən təqdim olunan və Təhsil Departamentinin təhlükəsizlik sisteminə qoşulan avadanlıqlarla əvəzlənəcək.
Qeyd edək ki, Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə dair federal məhdudiyyətlər 10 dekabr 2025-ci ildə qüvvəyə minib. Qanuna əsasən, müvafiq platformalar 16 yaşdan kiçik şəxslərin hesab yaratmasının qarşısını almaq üçün zəruri tədbirlər görməlidirlər.


























