image-reklam-veteninfo
image-imagesbackend

Məktəblərdə telefonlara “stop”: Bu ölkə 2027-ci ildən yeni qadağa tətbiq edir

image-reklam-veteninfo

Danimarka məktəblərdə mobil telefonlardan istifadəni qadağan etməyə hazırlaşır. Yeni qaydaların 2027-ci ildən ibtidai və ümumi orta təhsil müəssisələrində tətbiqi təklif olunur.

Vətəninfo.az xəbər verir ki, bu barədə noyabrın 23-də Danimarkanın Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil naziri Maqnus Hoynike bildirib ki, sosial şəbəkələr, onlayn alış-veriş platformaları və kompüter oyunları şagirdlərin məktəbdə diqqətini yayındırmamalıdır.

“Reuters” agentliyinin məlumatına görə, qadağanın internetə çıxışı olan digər şəxsi elektron cihazlara da şamil edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, məktəblərin internet şəbəkələrində xüsusi məzmun filtrləri tətbiq ediləcək. Bu filtrlər vasitəsilə dərs zamanı sosial şəbəkələrə, oyun və alış-veriş saytlarına giriş məhdudlaşdırılacaq. Hansı resursların bloklanacağına isə bələdiyyələr və ayrı-ayrı məktəblər qərar verəcək.

Qeyd edək ki, Niderland, Cənubi Koreya və İtaliya da məktəblərdə smartfonlardan istifadəyə məhdudiyyətlər tətbiq edib. Həmin ölkələr bu cihazların şagirdlərin diqqətinə və davranışına mənfi təsirindən narahat olduqlarını bildiriblər. Polşa və Çexiya da oxşar təşəbbüslərlə çıxış ediblər.

Azərbaycanda da məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyət var. Bu ilin iyun ayından qüvvəyə minən qaydalara əsasən, şagirdlər telefonu məktəbə gətirə bilərlər, lakin dərslər başa çatanadək onu söndürülmüş və ya səssiz rejimdə, məktəbin müəyyən etdiyi xüsusi yerdə saxlamalıdırlar.

Dərs prosesi zamanı mobil telefondan istifadə qadağandır. Bununla belə, müəllimin icazəsi ilə tədris məqsədləri üçün telefondan yararlanmaq mümkündür. Fövqəladə hallar və sağlamlıqla bağlı zərurət yarandıqda da istisnaya yol verilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki