image-reklam-veteninfo
image-1backend

Bağdad İraq Kürdüstanının neft yataqlarını və sərhəd-keçid məntəqələrini nəzarətə götürür

image-reklam-veteninfo

İraqın Baş naziri Əli əl-Zeydi muxtar İraq Kürdüstanının neft yataqları və sərhədləri üzərində federal hökumətin nəzarətinin gücləndirilməsi ilə bağlı nazirliklərə və təhlükəsizlik qurumlarına tapşırıqlar verib.

Vətəninfo.az  xəbər verir ki, bu barədə “The National” qəzeti məlumat yayıb.

Məlumata görə, noyabrın 23-də İraqın neft naziri Bassem Xudeyr İraq Kürdüstanının regional hakimiyyətini federal Şimali Neft Şirkətinə məxsus yataqlara qanunsuz nəzarət etməkdə ittiham edib. O, həmin yataqların mərkəzi hökumətin nəzarətinə qaytarılmasını tələb edib. Nazir istintaqın Şimali İraqın neft yataqlarından neft qaçaqmalçılığı faktlarını üzə çıxardığını bildirib.

Baş nazirin göstərişlərinə əsasən, İraq Kürdüstanı hökuməti Neft Nazirliyinin icazəsi olmadan neft və neft məhsullarının ixracına yol verməməlidir. Müvafiq qurumlara Diyala, Kərkük, Ninəva və Səlahəddin əyalətlərindəki neft yataqlarına nəzarəti təmin etmək tapşırılıb.

Bundan başqa, Daxili İşlər Nazirliyi neft obyektlərində müşahidə kameralarının quraşdırılması və vəziyyətə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər görməlidir. Neft məhsullarının ölkə daxilində və xaricə daşınmasını tənzimləyən vahid mexanizmin hazırlanması da nəzərdə tutulur.

Sərhəd Xidmətinə İraqın qonşu ölkələrlə sərhədlərindəki bütün qeyri-rəsmi keçid məntəqələrini bağlamaq, hərbi qüvvələrə isə bölgədəki kənd yollarına nəzarəti gücləndirmək tapşırılıb.

“The National” qeyd edir ki, 2003-cü ildə ABŞ-nin İraqa müdaxiləsindən sonra torpaqlar və təbii sərvətlər üzərində nəzarət məsələsi Bağdadla İraq Kürdüstanı arasındakı münasibətlərdə əsas mübahisə mövzularından birinə çevrilib.

İraq Kürdüstanının regional hakimiyyəti ölkə Konstitusiyasının Bağdadın razılığı olmadan ticarət sazişləri bağlamağa imkan verdiyini iddia edir. Federal hökumət isə bu yanaşmanı qanunsuz hesab edir. Tərəflər arasındakı fikir ayrılıqları əvvəllər də mərkəzi hökumətin muxtar bölgəyə ayrılan federal büdcə vəsaitlərinin bir hissəsini dayandırmasına səbəb olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki