Xəzər dənizində gözlənilən güclü küləklə əlaqədar gəmilərə xəbərdarlıq edilib.
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin məlumatına görə, Xəzər dənizində müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.
Bildirilib ki, noyabrın 25-də gün ərzində şimal-qərb və şimal küləkləri üstünlük təşkil edəcək. Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcək.
Proqnoza əsasən, dalğaların hündürlüyü ilkin mərhələdə 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacaq.
Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar dənizdə fəaliyyət göstərən gəmilərin diqqətli olması tövsiyə edilir.


























