Avropa İttifaqı Rusiya Prezidenti Vladimir Putinin Avropa nümayəndələrini Moskvaya dəvət etməsindən xəbərdardır. Lakin Brüssel Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqların çoxtərəfli formatda aparılmasına üstünlük verir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının baş sözçüsü Paula Pinyon Brüsseldə keçirilən brifinqdə bildirib.
O, Avropa İttifaqının Rusiya tərəfinin dəvətindən məlumatlı olduğunu qeyd edərək, hazırda çoxtərəfli danışıqlar formatına diqqət yetirdiklərini vurğulayıb.
“Biz bu dəvətdən xəbərdarıq və çoxtərəfli formatda görüşə diqqət yetirməkdə davam edirik. Bu formatda iştirak etməyə hazırıq”, – deyə Pinyon bildirib.
Avropada təhlükəsizlik arxitekturasının müzakirəsi məsələsinə də münasibət bildirən sözçü Aİ-nin mövqeyinin dəyişmədiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, Avropanın gələcək təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr yalnız Ukraynada atəşkəs əldə edildikdən sonra başlaya bilər.


























