image-1backend

“Ermənistanla sərhəddə gərginlik yaranmasında həm Rusiya, həm də Qərb maraqlıdır…”-General

image-reklam_sirab_01

“Nə Fransa, nə Hindistan, nə başqaları kömək etsə, lap Rusiya yenidən Ermənistana dəstək versə, yenə də Azərbaycana uduzacaqlar. Çünki bizim həm özümüz güclüyük, həm də dost və müttəfiqlərimiz…”

“Sərhəddəki son atəşkəs pozuntularında Ermənistan daxilindəki müxtəlif revanşist qüvvələr də, xüsusən I Qarabağ müharibəsindən bəri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş və biabırcasına məğlubiyyətə düçar olmuş hərbi qruplaşmalar da maraqlı ola bilər. Bunlardan biri də məhz Zəngilan yaxınlığındakı atəşkəs pozuntusunu təşkil etmiş terrorçu “Yerkrapa” birləşməsidir. Və onu da deyim ki, Ermənistan bundan sonra nə qədər çalışsa da, lap 10 il ərzində güc, texnika toplasa da, Azərbaycan ordusunun qarşısında duruş gətirə bilməz. İndən belə revanşist, irqçi erməni dairələrinin yenidən Azərbaycan ərazilərini işğal etmək Yuxarı Qarabağı geri qaytarmaq planları boş və mənasız xülyadan başqa bir şey olmayacaq. Çünki Azərbaycan ordusu artıq son illərdə bir daha böyük döyüş təcrübəsi toplayaraq müasir hərbi əməliyyatları yüksək səvyyədə aparacaq bir dərəcədə güclənib və getdikcə daha müasir texnika və texnologiyalarla silahlanmaqdadır”.

Bu fikirləri Moderator.az-a açıqlamasında fevralın əvvəlindən bəri Ermənistanla sərhəddəki atəşkəs pozuntularını şərh edən sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev ifadə edib.

“Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin döyüş ruhu da bir qalib ordu kimi Ermənistanınkından dəfələrlə yüksəkdir… Bundan əlavə, Ermənistanın insan resursları və iqtisadiyyatı da Azərbaycanınkından qat-qat zəifdir. Hazırda bu ölkədə faktiki olaraq 1 milyon yarıma yaxın əhali var… Onlar 10 milyonun qarşısında nə edə bilər?.. Bir sözlə, biz hər cəhətdən Ermənistandan üstünük. Odur ki, hərdən bir sərhəddə atəşkəsin pozulmasına əhəmiyyət də vermək lazım deyil. Belə təxribatlarla Ermənistan və onun havadarları heç nəyə nail ola bilməyəcəklər… Bu cür əməllərin onların özlərinə ziyandan başqa heç bir faydası yoxdur”- deyə davamında keçmiş nazir bildirib.

“Yəni hesab edirsiz ki, hətta xaricdən də Ermənistana güclü dəstək verilsə, Azərbaycan qarşısında yenə də aciz qalacaq?” sualını Tacəddin Mehdiyev belə cavablandırıb:

“Əlbəttə, nə Fransa, nə Hindistan, nə başqaları kömək etsə, lap Rusiya yenidən Ermənistana dəstək versə, yenə də Azərbaycana uduzacaqlar. Çünki bizim həm özümüz güclüyük, həm də dost və müttəfiqlərimiz… Bizim Türkiyə kimi qardaşımız, arxamız var, Türk Dövlətləri Bilriyi yaranıb… Pakistan kimi dost və müttəfiqimiz var. İsrail də bizi dəstəkləyir. Və hesab edirəm ki, dövlətimizin apardığı xarici siyasət, tamamilə düzgün bir siyasətdir. Biz həm xarici siyasətdə, diplomatiyada Ermənistanı udduq, həm də daxildəki erməni separatçılığı problemini hərbi güc tətbiq etməklə həll etdik. Bir sözlə, hərtərəfli qalib olduq… Məsələ bitib artıq. Atalarımız demiş, daldan atılan daş topuğa dəyər… Bilirsiz, artıq ermənilərin az- çox ağlı, biliyi, vicdanı olan ziyalıları, alimləri də öz saytlarında, telekanallarında danışmağa başlayıb ki, “bizim erməni xalqı xəstədir, onu “Böyük Ermənistan”, “Artsax” xəstəliklərindən xilas etmək lazımdır…” Deyirlər ki, “bəsdir, bu biabırçılıqdan uzaqlaşın, qondarma “soyqırımı”, “genosid” sözlərini unudun”…

“Bəs necə düşünürsüz, hazırda Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranmasında daha çox hansı dövlətlər maraqlıdır: Qərb dövlətləri, Avropa, Fransa, yoxsa Rusiya?” sualına isə general-mayor konkret cavab verib:

“Belə nəticəyə gəlirəm ki, bunda hər iki tərəf maraqlıdır: həm Qərb, həm də Rusiya… Çünki hər tərəf Azərbaycan və Ermənistan üzərindən öz maraq və məqsədlərini yönəltməyə çalışır…”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki