“Qoşulmama Hərəkatının və COP29-un sədri olaraq Azərbaycan Qlobal Cənub ölkələrinin inkişafına və onlarla əməkdaşlığın güclənməsinə böyük töhfə verib. Həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə Qlobal Cənub ölkələri ilə hərtərəfli əməkdaşlıq qurmuşuq. Lakin biz, həmçinin etiraf etməliyik ki, qlobal nizamsızlıq dünyasında yaşayırıq”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasında çıxışı zamanı deyib.
Dövlət rəsmisi bildirib ki, yeni təhdidlər, çağırışlar və yeni qeyri-müəyyənliklər ortaya çıxır. Təəssüf ki, tarix boyu yeni qlobal nizam formalaşanda Qlobal Cənub masanın arxasında olmayıb. Xüsusilə İkinci Dünya müharibəsindən sonra Qlobal Cənubun səsi eşidilməyib. Dünya Cənub ölkələrinin iştirakı, cəlb olunması və əməkdaşlığı olmadan formalaşıb. Hazırda inteqrasiya olunmuş potensialını və dünya əhalisinin 80 faizinin Cənub ölkələrində yaşamasını nəzərə alaraq, yeni dünya nizamının formalaşmasında sadəcə müşahidəçi və tamaşaçı olmalı deyilik. Cənub ölkələri onun bütün proseslərində və təşəbbüslərində fəal iştirak etməlidir.


























