image-1backend

Gedirəm üzü Laçına…

image-reklam_sirab_01

Çox dəyərli qardaşım, dəyərli Laçınlım Ferhad Qasimov müəllim, bu möhtəşəm yazı üçün sizə sonsuz təşəkkürlərimi bildirirəm…
LAÇINDA GÖRÜŞƏK…

GEDİRƏM ÜZÜ LAÇINA….

Mən bu yazımda bir nəfərdən, Laçınımızın dəyərli ziyalısı, istedadlı şairimizdən, Arif Gürşadoğludan və onun iki şeirindən danışmaq istəyirəm.
Arif Gürşadoğlu — təpədən dırnağa, ruhuyla, canıyla, qanıyla , hər zərrəsiylə, bütünüylə Laçınlı olan istedadlı şairimiz.

Arif Gürşadoğlu — hər cümləsinin mübtədası, hər söhbətinin əvvəli də, axırı da Laçın olan, gözəl insan, səmimi dost.

İstedadını, ilhamını, səmimiyyətini, saflığını, cəsarətini, məğrurluğunu doğulduğu Mişni kəndinin, ümumilikdə Laçınımızın gözəl təbiətindən, zirvəsi daima qarlı və qartallı dağlarından, Həkərinin şirin zümzüməsindən alan şair.

Həmişə Arif Gürşadoğlunun şeirlərini sevə – sevə oxumuşam. İşğal dövründə Laçın həsrəti ilə, indi isə Laçınımızın gözəl təbiətindən yazdıqlarını. Şeirlərindən o qədər təsirlənmişəm ki, hər dəfə rəy yazmağı belə unutmuşam.

Məmməd Araz yazırdı ki:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qaydasında bitərdim.

Arif Gürşadoğlu isə yazır:
Bir dərənin qırağında,
Üstünü mamırlar örtmüş,
Daş olmağa razıyam mən.
Təki sənə dönüm Laçın.

Bax budur yeni poetik ifadə, budur vətən, torpaq, yurd sevgisi. Budur Laçın həsrəti, budur laçınlılıq.

Dəstə dəstə çiçəklərin toplayaram,
Gülün örtərəm üstümə,
Külə dönmüş evimizin,
Külün örtərəm üstümə,
Təki sənə dönüm Laçın.

Vətəninin, evinin külünü örtmək istəyib üstünə. Bu tamamilə yeni bir poetik ifadədir, çox gözəl və yerində işlənib.
Həkərinin sularına qarışıb selləriylə çağlamaq istəyirdi, gücünü dağdan, daşdan almaq istəyirdi şair. Hər şeyini verməyə, vətənində bir ovuc torpağa dönməyə hazır idi şair, vətənə Laçına dönmək üçün.

Şükürlər olsun ki, artıq bu həsrət bitdi və vətənə döndün, şair. Şükürlər olsun ki bu gün artıq Laçınımızın təbiətindən, gözəlliyindən yazırsan.

Ay işığında sönəcək,
Ulduzlar yerə enəcək,
Hər yan Laçına dönəcək,
Bu gecə başqa gecədi.

Həqiqətən də artıq ulduzlar yerə enib və hər yer Laçına dönüb.
Dərdim mat qalıb acıma,
Dərd ələnibdi saçıma,
Gedirəm üzü Laçına
Bu gecə başqa gecədi.

Get şair, get. Laçına gedən yol müqəddəs yoldur və Laçında keçən hər gecə başqa bir gecədir.

Orta məktəbdə mənim rusdilli müəllimim olmuş və Laçın həsrəti ilə haqq dünyasına qovuşmuş rəhmətlik Cəfərov Əhliyyət müəllimin bir bənd şeirini təqdim etmək istəyirəm.

Bu il erkən gəlib bahar Laçına,
Hər yanın yaşıla çalan vaxtıdı,
Qırxbuğumun, bənövşənin , nərgizin,
Zanbaq çiçəyinin kalan vaxtıdı.

Bu gün Arif müəllim laçınımızın hər qarışını, hər qayasını, hər dağını, hər çıçəyini sevə-sevə tərənnüm eliyir. Təsadüfü deyil ki, Feysbukda yaratdığı səhifə də Laçın Təbiəti adlanır. Orda da Laçınımızın gözəl təbiətini hər kəsə çatdırmaq istəyir.

Sənə yeni yeni yaradıcılıq uğurları arzulayıram. Sən mənim tanıdığım ən böyük Laçın sevdalısısan.
Mən həmişə Arif Gürşadoğlu deyəndə gözümün önünə Laçın, Laçın deyəndə isə Arif Gürşadoğlu gəlir.

Filologiya üzrə fəlsəfə doktoru Fərhad Qasımov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki