Bu gün Azərbaycanda gənclərə hər sahədə xüsusi diqqət yetirilir. Gənclərin şəxsi inkişafı, dünyagörüşünün artırılması, təhsili, karyera sahəsində inkişafı, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyüdülməsi dövlətimizin prioritet məsələrindən biridir.
Ölkəmizdə gənclərə diqqətin ayrılması, onların vətənpərvər, sağlam ruhda inkişafı, yetişməsi və bu sahədə bir çox tədbirlərin görülməsi, dövlətin xüsusi fəaliyyəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də gənclərlə bağlı xüsusi Fərman imzaladı. Həmin Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Bununla da, hər il Gənclər Günü qeyd edilir. Qeyd edim ki, həmin tarixdən etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Məhz bu günün ilk dəfə ölkəmizdə qeyd edilməsi xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Ulu Öndər Heydər Əliyev gənclərimizin ölkəmizdə və dünyada önəminin artmasında xüsusi rol oynadı.
Gənclərə göstərilən diqqət, qayğı, dövlətin dəstəyi bununla da yekunlaşmayıb. Belə ki, Ümummilli lider gənclərlə bağlı bir çox sənədlər imzalamışdır. Bu sənədlər gənclərin hər sahədə inkişafı, sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən, ölkəmizin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, sağlam, güclü gənc kimi yetişməsini təmin etməsində əhəmiyyətli rol oynayıb. Qeyd edim ki, Azərbaycanda gənclərin ölkə daxilində və xaricdə yüksək səviyyədə təhsil almaları çox vacib məsələrdən biri idi. Çünki ölkənin inkişafı, uğurlu gələcəyi məhz təhsilli, dünyagörüşlü, yüksəkixtisaslı kadrların yetişməsi həm cəmiyyətimizə, həm də dövlətimizə töhfədir. Elə buna görə də, Ulu Öndər gənclərimizin xaricdə təhsil almalarına xüsusi diqqət yetirmişdir. Belə ki, artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində müxtəlif ixtisaslar üzrə 3000-dən artıq gənc təhsil alırdı. Dövlət dəstəyi ilə xaricdə təhsil alan hər bir tələbənin sosial durumu daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur, buna görə də, həmin tələbələr üçün müxtəlif təqaüdlərin verilməsi təmin edilmişdir. Onu da qeyd edim ki, yalnız xaricdə təhsil alan tələbələr deyil, ölkəmizdə də ali təhsil alan tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün bira sıra təqaüdlər, hətta Prezident təqaüdün verilməsini təşkil etmişdir.
Ulu Öndərin rəhbərliyi ilə 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu baş tutur. Bu Forumda Heydər Əliyev çıxış edir, gənclərin inkişafı, gələcəyi haqqında tövsiyələrini verir və onların qarşısında xüsusi bir vəzifəni yerinə yetirmələrini bəyan edir. Təbii ki, bu Azərbaycanın müstəqil, suveren gələcəyidir.
Ulu Öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da “ Dövlət gənclər siyasəti haqqında” fərman imzalayır. Digər sərəncam, fərmanlar kimi bu da gənclərin inkişafına istiqamətlənmiş sənəddir. Beləliklə, Ümummilli liderin miras qoduğu gənclərin inkişafı,ictimai-siyasi həyatda aktiv iştirakı bu gün də Prezident İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirilir. Bu dönəm artıq gənclər siyasətinin təşkilinin yeni mərhələsidir deyə bilərik.
Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər birlikləərinin, təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinin göstəricisidir. Məhz buna görə də, 2007-ci il “Gənclər ili” elan olunmuşdur.Belə bir təşəbbüsün reallaşdırılması gənclərin müxtəlif sahələrdi inkişafını sürətləndirmiş və dövlətimiz üçün gənclərin önəmi daha da artmışdır. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin təhsil sahəsində də siyasətini davam etdirərək gənclərin xarici ölkələrdə dövlət dəstəyi ilə təhsil almalarına şərait yaratmışdır. Belə ki, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və ən son imzalanmış “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” bütün gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır və bu gün də bu proqramın təmin edilməsi davam etdirilir. Dövlətin gənclərə dəstəyi təbii ki, bunlarla bitmir, bu kimi bir çox sənədlər, proqramlar imzalanmış və yüksək şəkildə tətbiq edilmişdir. Ona görədir ki, bu gün kadr siyasətində istənilən sahədə istər ölkəmizdə, istərsə də xaricdə təhsil almış gənclərə üstünlük verilməsi geniş vüsət almışdır.
Gənclərin aktiv fəaliyyətini, vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif tədbir təşkil edilir, və sənədlər proqramlar imzalanır. Prezident İlham Əliyevin Təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun məqsədi bir çox sahələrdə elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keşiriləcək layihələrin, proqramların maliyyələşdirilməsini təşkil etməkdir.
Prezident gənclərin şəxsi inkişafı, karyera sahəsində irəliləməsi üçün bir sıra tədbirlər görmüşdür. Bunlara misal olaraq, karyera sahəsində “Yüksəliş” müsabiqəsinin təsis edilməsi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin yaradılması, 2020-ci ilin “Könüllülər İli” elan edilməsi haqqında sərəncam imzalamışdır. Bu və digər tədbirlər məhz gənclərin aktiv fəaliyyətinə, müasir dövrün tələblərinə uyğun şəkildə inkişafına töhfə verir.
Bu gün müxtəlif sahələrdə gənclər öz sözünü deyir, istər ölkəmizdə, istərsə də xaricdə ölkəmizi elm, idman, mədəniyyət sahəsində təmsil edən və ölkəmizin adını yüksəldən, bayrağımızı ucaldan gənclərimizin sayı günbəgün artmaqdadır.
Azərbaycan artıq müstəqil, suveren bir dövlətdir. Bu gün hər birimiz fəxrlə deyə bilirik ki, bayrağımız hər qarış torpağımzda dalğalanır, və dünyanın istənilən ölkəsində xalqımzı qürurla, baş ucalığı ilə yaşayır. Vətən müharibəsində məhz gənclərin həlledici rolu danılmazdır. Ermənilərin təxribatlarına dözməyən minlərlə qadınlı, kişili hər bir gəncimiz torpaqlarımızın azad olunması üçün Ali Baş Komandana müraciət etmiş və könüllü şəkildə döyüşmək üçün rəsmi olaraq orduya yazılmışdır. Və prezidentin qərarı ilə döyüşlər başlamış, vətənpərvər, gənclərimiz, öz canlarını torpaqlarımıza qurban verməyə hazır olan gənc qəhrəmanlarımız yüksək şücaət göstərmiş, bir addım da geri çəkilməmiş və nəticədə qələbə çalmışıq.Təbii ki, bütün bunlar gənclərimizin vətənpərvər ruhda, vətənə, torpağa bağlı olaraq tərbiyə alması və böyüməsinin nəticəsidir.
Beləliklə, gənclər siyasəti bu gün də uğurla davam etdirilir, ən əsası hər zaman vətənpərvər ruhda gənc nəsil yetişdirmək prioritet məsələ olaraq dövlətin qarşısında durur.
Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru