Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu vəzifəyə təyinatından sonra ilk səfərini Azərbaycana edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərə gələn Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın dövlət başçısı ilə təkbətək və geniş tərkibli görüşləri olub.
Görüşlərin yekununda Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan və gürcü xalqları arasındakı dost və qardaşlıq əlaqələrinin çox qədim tarixi kökləri vardır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar, dövlətlərarası münasibətlər bu möhkəm zəmin üzərində qurulub. İki dövlət arasında bir çox sahələr üzrə əməkdaçlıq günü-gündən artmaqdadır.
Prezident İlham Əliyev görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. “Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur” – deyə Azərbaycan Prezidenti bildirib.
Nəqliyyat, enerji layihələri üzrə birgə həyata keçirilən infrastruktur layihələri çox böyük əhəmiyyət daşıyır və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Xüsusilə nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması çox böyük nailiyyətlərdən biridir. Artıq bir-iki aydan sonra bu dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir. Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.
Bu gün Azərbaycan qazı Gürcüstan və Türkiyədən başqa, 6 Avropa ölkəsinə – Bolqarıstana, Yunanıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya ixrac olunur. Mavi yanacaq Avropaya Türkiyənin ərazisindən keçərək, TANAP-la nəql edilərək çatdırılır və bu vəzifə yüksək səviyyədə yerinə yetirilir.
Gürcüstan və Azərbaycanın birgə səyləri ilə iqtisadi müstəqilliyi təmin etməklə yanaşı, həm də bölgə və bütövlükdə Avrasiya qitəsi üçün çox mühüm dövlətə çevriliblər, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadırlar.
Azərbaycanın Gürcüstanın ən böyük investorlarından və əsas ticarət tərəfdaşlarından biridir. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi artmaqdadır. Keçən il ticarət dövriyyəsi 15 faiz artaraq, artıq 900 milyon ABŞ dollarına yaxındır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Bundan əlavə, Gürcüstanda Azərbaycan kapitallı mindən çox şirkət fəaliyyət göstərir.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, “Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişdik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişdik. Bundan sonra da bu dəstək davam edəcək”.
Beləliklə də, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri iki dövlət arasında dostluq və hərtərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişafına kömək olacaqdır.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru