Xalqımız aprelin 15-də tanınmış oftalmoloq-alim, Ümummilli Liderimiz Heydər Əliyev ailə ocağının qoruyucusu Zərifə xanım Əliyevanın anım gününü qeyd edir. Zərifə xanım baharda doğulmuş, baharda da dünyasını dəyişmişdi. Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü. O bu gün də onu tanıyanların qəlbində qayğıкеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır.
Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyevlə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Milli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndərin inam və etibarını hər addımında doğruldurdu.
Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək insani keyfiyyətlər nəsildən-nəslə qanla keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan акаdemik Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etdi. Bu təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara şəfqəti, mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdi.
Zərifə xanımın təbabətə gəldiyi illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən rayonlarda bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. Zərifə xanım həmkarları ilə birlikdə bölgələri gəzərək xəstələri müayinə və müalicə edir, ehtiyacı olan insanlara işıq bəxş edirdi. Onun bu sahədə yorulmaq bilmədən apardığı elmi axtarışlar, əldə etdiyi dəyərli nəticələr Zərifə xanım Əliyevanın namizədlik dissertasiyasının əsasını təşkil edirdi.
Zərifə Əliyeva ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işlərlə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəsti -xətti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabilliyətindən xəbər verir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı.
Zərifə xanım gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, sanballı tədqiqatları ilə Azərbaycan elminə töhfələr vermişdir. Bu sahədə əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. Xəstələrinə, ümumiyyətlə ehtiyacı olan hər kəsə yardım əli uzadır, çalışırdı ki, bunu başqaları hiss etməsin. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada müalicə alan xəstələrə xüsusi diqqətlə yanaşır, evdən yemək, geyim gətirirdi ki, onlar ailədən uzaqda olduqlarını hiss etməsinlər. O, ehtiyacı olana yardım əli uzadır, hamının qəlbinə yol tapmağı bacarırdı. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi. Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın- Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin kədər hissi keçiririk. Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və o, səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlərlə əbədi olaraq xatirələrdə, xalqın yaddaşında daim yaşayacaqdır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və s. Zərifə xanım Əliyevaya bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir.
Arzularımızın həyata keçməsi üçün bir alim, insan ömrü yetməyə bilər. Lakin bir alimin xalqın gələcəyi naminə gördüyü hər hansı bir iş, söylədiyi bir fikir, yazdığı bir əsər onun tarixdə əbədi yaşamasına kifayətdir. Akademik Zərifə Əliyevanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları onu əbədi yaşar, ölməz edir.
Kübra Cabbarova – əməkdar həkim