image-reklam-veteninfo
image-resizebackend

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı həbs edildi

image-reklam-veteninfo

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb.

Məlumata görə, hadisə sentyabrın 21-də gecə saatlarında Tbilisidəki parkda baş verib.

Bu barədə ictimai vəkil Teona Feraadze məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxs 40 yaşdan yuxarı Ermənistan vətəndaşıdır və Gürcüstana turist kimi gəlib. Hazırda o, susmaq hüququndan istifadə edir.

İstintaqın məlumatına əsasən, həmin şəxs Heydər Əliyevin parkda yerləşən büstünə zərər vurduqdan sonra Gürcüstanı tərk etməyə cəhd edib. Lakin sərhəddə saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Dövlət əmlakına zərər vurmaqda təqsirli bilinəcəyi təqdirdə, şəxsi beş ilədək həbs cəzası gözləyə bilər.

Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. İlkin məhkəmə iclasının noyabrın 12-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Heydər Əliyevin büstünün zədələnməsi barədə məlumat sentyabrın 21-də səhər saatlarında sosial şəbəkələrdə yayılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də daha əvvəl Gürcüstan mediasına açıqlamasında hadisə ilə bağlı ehtimal olunan şəxsin saxlanıldığını bildirib. Diplomatın sözlərinə görə, Gürcüstan Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumlar tərəfindən istintaq və prosessual tədbirlər davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki