image-kemaleddinqafarovyenibackend

Kamaləddin Qafarov: “Yaşıl enerji ölkəmiz üçün prioritet istiqamətlərdən biridir”

image-reklam_sirab_01

“Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Məhz bu baxımdan Cənub Qaz Dəhlizi son dərəcə böyük önəm daşıyan bir layihədir. Məlumdur ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xatırladıb ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. “Əlbəttə ki, Avropa Komissiyası və Azərbaycan əsas həmtəşkilatçılar və bütün ölkələrin, şirkətlərin və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışlar. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir. Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib. Möhtərəm dövlət başçımız cari il martın 1-də “Euronews” televiziyasına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, bir zamanlar bəziləri düşünürdülər ki, bu layihəni reallaşdırmaq mümkün olmayacaq. Lakin Azərbaycan dövləti beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa müyəssər oldu. Bu gün isə Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verməkdədir və öz coğrafiyasını getdikcə genişləndirir.”

K.Qafarov Prezident İlham Əliyevin öz müsahibəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsilə bağlı səsləndirdiyi fikirlərin önəmini qeyd edərək deyib: “Dövlət başçımızın öz müsahibəsində dediyi kimi, COP29 Azərbaycanın ümumi yaşıl enerji gündəliyinin və məsuliyyət hissinin bir hissəsini təşkil edir. Əlbəttə ki, qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdırlar. Qeyd oluduğu kimi, bu gün Azərbaycan Avropaya ixrac etdiyi təbii qazla qitə ölkələrinin enerji təhlükəsizliyi məsələsində həqiqətən də önəmli rol oynayır. Həmçinin iyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı olaraq özünü etibarlı tərəfdaş kimi tanıdıb. Bundan başqa neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir. Bu gün isə ölkəmizdə Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi istiqamətində konkret addımlar atılır. Ölkəmiz bunu ənənəvi ehtiyatlarının çatışmadığına görə etmir. Əldə olunan gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə Azərbaycan qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadların qarşının alınmasına öz töhfəsini verir və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmağa çalışır. Məlum olduğu kimi, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Bir müddət əvvəl aşkar olunmuş bu böyük potensial əlbəttə ki, ölkəmizin enerji təhlükəsizliyi məsələləri ilə bağlı mövqelərini daha da gücləndirir. Hazırda ölkəmizin zəngin yanacaq ehtiyatlarının olmasına baxmayaraq, Azərbaycan məhz yaşıl gündəliyə doğru irəliləyir və bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə edilmiş məqsədli seçimdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki